Heç də təsadüfi yaranmır bu hadisə, ölümü özün seçirsən...
Neçə gündür 12 yaşlı uşağın intiharından danışırdıq. Bir avtoqəzada 5 nəfərin ölümü, özü də bütöv bir ailənin məhvi də əslində intihardır. İntihar nədir? Yaşama məsuliyyətini, özünü qoruma instinktini itirmə, xəsarət və ölümdən çəkinməmək.
Bilərək ki, hava şəraiti dumanlı çiskinlidir, qabaq görünmür, üstəlik yollar bərbad təhlükəsiz gündədir, maşının da köhnə, nasaz və tullantı vəziyyətdə və hələ bütün ailə də içində ola-ola sürəti azaltmırsan, ehtiyat hissi, ailə-uşağa görə məsuliyyət hissi yaranmır. Heç nədən ölümlə çiling-ağac oynamaq...
Düzdür, hadisə hüquqi tərəfdən ehtiyatsızlıqdan yaranan avtoqəza kimi qiymətləndiriləcək. Amma əslində, ehtiyatsızlıq deyil. Heç də təsadüfi yaranmır bu hadisə, ölümü özün seçirsən. Bilərək ki, bu yolda səndən də başqa maşın sürənlər var, özü də ki böyük yük maşınları və dümanlı havada hər an qarşına çıxa bilər.
Nədəndir, bu qorunma instinktinin pozulması, özünü oda atma? Bu çətin, gərgin dövrdə fikir, eseb, stress, şok hissi keçirmələr. Bu hissin səni ya yatırıb depressiv, ya da qıcıq yaradıb yüksək emosional hala salması. Hər ikisi psixoloji-emosional normanı aşır. Normadan aşağı, ya yuxarı. Və bü hal insan reallığını, normal həyat reaksiyalarını həmişə üstələyir.
O davranışdan və ya təhlükədən ki çəkinməlisən, çəkinmirsən, çünki hissiyyat itib. Çünki təhlükə reallığını hiss etmirsən. Ayılanda görürsən ki, hadisə artıq baş verib. Odur ki, indiki gərgin, hər sahədə problem, mübahisə və çatışmazlıq olan zamanda imkan qədər çalışıb özünü bu durumdan kənarda tutub, təcrid edəsən. Sinir-əsəb sistemini qorumaq baxımından.
Allah rəhmət eləsin, həlak olanlara. Çox təəssüf.(avtosfer.az)
İlaq Altay,
hüquqşünas