Daxili İşlər Nazirliyi Gəncə şəhərində mebel mağazasının qəsdən yandırılması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Gəncə Şəhər Baş Polis İdarəsində cinayət işi başlanılıb:
“Hazırda mağazanı yandırmaqda şübhəli bilinən şəxsin (şəxslərin) müəyyənləşdirilməsi istiqamətində müvafiq işlər aparılır”.
Qeyd edək ki, fevralın 1-də sözügedən ərazidə yerləşən “Arzu” mebel mağazasında yanğın olması barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) məlumat daxil olub. Baş vermiş yanğın nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən söndürülüb. Yanğın nəticəsində vətəndaşa məxsus mağaza 2000 kvadratmetr sahədə yanıb, bitişik digər ticarət obyektləri yanğından mühafizə olunub.
Hadisə ilə əlaqədar FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən aparılmış operativ araşdırma nəticəsində, ilkin ehtimala görə, yanğının qəsdən törədildiyi müəyyən edilib.
Araşdırmalar davam etdirilir.