Dövlət Gömrük Komitəsinin tərtib etdiyi protokol əsasında Baba Rzayevin kürəkənin şirkəti cərimələnib.
azbaku.org-un 32gun.az-a istinadən məlumatına görə, 13 yanvar 2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olan “FF CONSTRUCTİQN’’ MMC-nin ünvanına Gömrük Bəyannaməsilə Bakı Baş Gömrük İdarəsində bəyan edildiyi, lakin mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsinin verilmədiyi müəyyən edilib. Belə ki, BBGİ-nin “Gömrük prosedurları və ödənişləri” şöbəsindən daxil olmus 34/012/031492 nömrəli 2022-ci il tarixli raporta əsasən MMC-nin ünvanına 34KZ5572/34KN1717 nömrəli nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş yüklər üçün Azərbaycanın gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada qısa idxal bəyannaməsi təqdim edilməyib.
Məhkəmənin qərarı ilə, İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1500 (min beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunub.
Qeyd edək ki, nizamnamə kapitalı cəmi 10 manat olan “FF Construction” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Fətəlixan Xoyski pr, ev 134, m 28-də yerləşir. Şirkətin qanuni təmsilçisi Soltanov Ayaz Üzeyr oğludur.
21.12.2005-ci il tarixində dövlət qeydiyyatına alınan “FF Construction” MMC-nin “FF Şirkətlər Qrupu”na daxil olduğu bildirilir.
“FF Şirkətlər Qrupu”nun "Azərenerji” ASC-nin prezidenti Baba (Balababa) Rzayevin kürəkəni Fərid Fərhadzadə tərəfindən idarə olunduğu qeyd olunur. Bildirilir ki, “FF” ifadəsi də Fərid Fərhadzadənin ad və soyadının baş hərflərindən götürülüb. “FF Construston” MMC-nin hüquqi ünvanı da Fərid Fərhadzadənin Bakıda qeydiyyatda olduğu mənzildir.
Fərid Fərhadzadə eyni zamanda Baba Rzayevin qardaşı Rahib Rzayevin rəhbərlik etdiyi “Göknur Bakı Ltd” MMC-də baş icraçı direktor olub.
Fərid Fərhadzadənin atası isə Fövqəladə Hallar Nazirliyi yanında Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəisi general-mayor Rüfət Lətif oğlu Fərhadovdur.
Onu da qeyd edək ki, "FF Construction” MMC 2018-ci ilin iyun ayına kimi "Fərqli Fikir” MMC adı ilə fəaliyyət göstərib.
Şirkətin qanuni təmsilçisi Soltanov Ayaz Üzeyr oğlu daha əvvəl Baba Rzayevin ailə mülkiyyətində olduğu bildirilən “Zirə Aqrorark” MMC-nin də direktoru olub