“Türkiyədə baş verən zəlzələdən sonra onu əminliklə deyə bilərəm ki, Azərbaycanda inşa olunan yeni çoxmənzilli yaşayış binalarının keyfiyyəti Türkiyədəki binalardan qat-qat üstündür”.
Bu sözləri daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev deyib. O, ölkəmizdə inşa olunan yaşayış binalarında armaturlardan çox istifadə olunduğunu söyləyib:
“Həmişə daşınmaz əmlak sahəsindəki problemlərdən danışmışam. Çünki bu sahənin danışılacaq yaxşı tərəfləri çox azdır. Lakin qardaş Türkiyədə baş verən zəlzələdən sonra onu əminliklə deyə bilərəm ki, Azərbaycanda inşa olunan yeni çoxmənzilli yaşayış binalarının keyfiyyəti Türkiyədəki binalardan qat-qat üstündür. Uçub-dağılan binaları izlədikcə həmin binalarda beton və armaturlardan çox az, bəzən isə demək olar ki, heç istifadə olunmadığı açıq-aşkar görünür. Zəlzələdir, gücü çoxdur, lakin orada, zəlzələ baş verdiyi ərazilərdə keyfiyyətlə tikilən binaların hec bir zərər görmədiyi açıq-aşkardır. Bizim yeni tikili binalarda isə maşallah olsun, başdan-ayağa beton kolonlar, beton pərdələr, armaturdan hörülmüş setkalar, yerin 10 metr dərinliyinə qədər işlənilmiş beton divarlar var. Bakıda nə vaxtsa çox güclü- 8 - 9 ballıq zəlzələ olarsa, yeni tikili binalardan bəlkə də bəziləri bütöv şəkildə az da olsa sağa və yaxud sola əyilə bilər, amma heç vaxt yerin altına çökməz. Bunu bu sahənin mütəxəssisi olaraq tam əminliklə deyə bilərəm”, - deyə ekspert qeyd edib.
Xatırladaq ki, fevralın 6-da Türkiyənin Gaziantep şəhərində 6.5, Kahramanmaraş şəhərində isə 7.4 və 7.7 bal gücündəki zəlzələlər böyüq miqyasda dağıntı və tələfata səbəb olub.Təbii fəlakət Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib.