TƏCİLİ: Oqtay Şirəliyevlə bağlı qərar verildi

Son günlər ölkə gündəmini məşğul edən əsas mövzulardan
biri Azərbaycanda həkim səhlənkarlıqlarının bir-birini əvəz etməsi və nəticədə bəzi faciələrin yaşanmasıdır. Təkcə son bir həftədə bununla bağlı üş dəhşətli fakt qeydə alınıb.

Salyan rayonunda dünyaya gələn üçəmlərdən ikisi doğuşdan 6 saat sonra ölüb. Belə ki, Salyan şəhər Həsən Məmmədov küçəsi, ev 6 ünvanında yaşayan 21 yaşlı Mirzabitə İlham qızı Abdullayeva ötən gecə Salyan Rayon Mərkəzi Xəstəxanasının (RMX) doğum şöbəsinə yerləşdirilib. Onun ailə üzvlərinin sözlərinə görə, doğuş normal həyata keçirilib və ana üçəm dünyaya gətirib. Lakin doğuşdan 6 saat sonra xəstəxananın elektrik enerjisi kəsilib və şüşə altında saxlanılan körpələrdən ikisi oksigen çatışmazlığından ölüb, birinin isə vəziyyəti ağır olaraq qalır.

Salyan RMX-da elektrik generatorunun olduğu bildirilib. Lakin generator nasaz vəziyyətdə olduğundan işləməyib.

Bunun ardınca məlum olub ki, Bakıda həkim sol ayağının kəsilməsi barədə diaqnoz qoyduğu xəstənin sağ ayağını kəsib. Xəstənin nəvəsi Zaur Hüseynovun sözlərinə görə, nənəsi şəkərli diabet xəstəsi olan Tərlan Əliyevaya sol ayağının kəsilməli olduğu barədə diaqnoz qoyulub və qadın Səhiyyə Nazirliyi Angioloji və Mikrocərrahiyyə Mərkəzində əməliyyat edilib
Lakin əməliyyatdan çıxan 82 yaşlı qadını görən yaxınları gözlərinə inanmayıblar. Belə ki, yaşlı qadının iltihablı olan sol ayağı əvəzinə sağlam olan sağ ayağı kəsilib.

Nəhayət, dünən məlum olub ki, 27 yaşlı Günay Həşimova və uşağı həkim səhlənkarlığı nəticəsində dünyasını dəyişib. Bu haqda mərhumənin xalası qızı Nigar Dadaşova danışıb. O bildirib ki, Günay Həşimovanın ölümündə günahkar həkimlərdir. Belə ki, hamiləliyinin 6-cı aylında Günay kəskin qarın ağrıları ilə Qəbələ rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Analizin cavablarından sonra məlum olub ki, onun böyrəyində daş var. İki gündən sonra Günay Şəki şəhərinə gətirilib. Vəziyyəti daha da ağırlaşan gəlini bu dəfə Bakıya göndəriblər. Bildirilib ki, onun kor bağırsağı partlayıb və digər orqanları zədələyib. Nəticədə uşaq ölü doğulub. Günay özü isə iyunun 14-də həyatını itirib. “Biz ümid edirdik, o sağalacaq. Yaşamaq istəyirdi özü də. Günayın ölümündə günahkar Şəki şəhər xəstəxanasının həkimi Ruziyə İsmayıl qızıdır. Hər insan səhv edə bilər. Amma həkimə bu hüquq verilmir. O başqalarının həyatı ilə oynayır. Günaya hamiləlik dövründə səhv diaqnoz qoyulub. O səhv müalicə olunub. Günayın və uşağının ölümündə günahkar onlardır” – deyə Nigar Dadaşova bildirib.

***

Qeyd edək ki, Azərbaycanda həkim səhlənkarlığının qurbanı olan vətəndaşların sayı getdikcə artır. Bu isə onsuz da insanların inamının qalmadığı yerli səhiyyə sisteminin daha da etibarsızlaşmasına rəvac verir.

Saytımıza hökumətə yaxın dairələrdən verilən məlumata görə, ölkədə faktiki olaraq “həkim terroru”nun tüğyan etməsi iqtidar daxilində də ciddi narazılığa səbəb olub. Narazılığın ünvanı isə səhiyyə naziri Oqtay Şirəliyevdir.

Belə ki, Şirəliyevin səhiyyə üzərində nəzarəti demək olar itirdiyi, bu sistemdə rüşvət, korrupsiya və digər özbaşınalıqların at oynatdığı, belə bir şəraitdə isə səhiyyə qurbanlarının sayının getdikcə atdığı fikri artıq hakimiyyət içində xeyli insana hakimdir. Elə bu səbəbdən də yaxın vaxtlarda onun vəzifədən alınmasına dair siyasi qərarın verildiyi deyilir. Ən geci payızda Oqtay Şirəliyevin işsiz qalacağı ehtimalı xeyli yüksəkdir.

Hesab edilir ki, Şirəliyevin əvəzlənməsi səhiyyə sahəsində bir çox köklü problemin həllinə kömək ola bilər.

***

Onu da deyək ki, tibb elmləri doktoru, professor olan O.Şirəliyev 20 oktyabr 2005-ci ildə zərbaycan Respublikasının səhiyyə naziri təyin olunub.

Artqı 11 ildir bu postu tutan Oqtay Şlirəliyevin fəaliyyətini əksər müstəqil eksperlər uğursuz hesab edir və ölkənin səhiyyə sisteminin ciddi kadr və struktur islahatlarına ehtiyacı olduğu qənaətini bölüşürlər.

Onların fikrincə, 66 yaşlı nazir həmin islahatları aparmaq iqtidarında deyil, bu reformların həyata keçirilməyə başlamaması isə ölkədə səhiyyə qurbanlarının sayını hər gün bir az da artıra bilər. Əldə edilən ən son məlumatda, 66 yaşlı nazirin də vəzifədən getməsinə saylı günlər qalıb bildirilir… (qaynarinfo.az)