Ərak şəhərində yaşayan azərbaycanlı fəal Mina Yəqubi 11 il həbs, 84 şallaq zərbəsi və iki il sürgün cəzasına məhkum edilib.
“Azad İran” “Telegram” kanalı xəbər verir ki, bu barədə Mina Yəqubi özünün sosial media hesabında paylaşım edib.
Bədən tərbiyəsi müəllimi olan Mina Yəqubi etirazlara qatıldığı üçün həbs edilib və ötən ilin oktyabrında girov qarşılığında məhkəməyə qədər müvəqqəti sərbəst buraxılıb.
O, günahsız olduğu üçün əfv ərizəsi yazmaqdan imtina etdiyini, təcridxanada olduğu müddətdə hər gün 12 saat təzyiqlər altında dindirildiyini yazıb.
Qadın fəal deyir:
“Uzun müddət gündə 12 saat dindirilməyə və ağır işgəncələrə məruz qaldım. İndi mənə 11 il həbs cəzası, 124 saat qəbirləri yumaq, 85 şallaq və iki il sürgün cəzası verilib”.
Azyaşlı qız uşağının anası olan 23 yaşlı Yəqubi təcridxanada işgəncə edildiyi üçün sərbəst buraxıldıqdan sonra uzun müddət xəstəxanada müalicə alıb.
O, təcridxanadan çıxdıqdan sonra ağır döyüldüyünü göstərən fotolarını paylaşıb.