Masallıda xətkeş və fırça ilə rənglənən yolla bağlı - Açıqlama(FOTO)


Masallı rayonunun Boradigah qəsəbəsinin Mollaoba kəndində məktəbin qarşısındakı piyada zolağının xətkeş və fırça ilə rənglənməsini əks etdirən foto yayılıb. 
Masallı Rayon İcra Hakimiyyətinin feysbuk hesabında paylaşılan fotoda zolağın xüsusi texnika ilə deyil, əllə rəngləndiyi görünür. 
Piyada zolağının rənglənmə üsulu sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Yolun təmirinə lazımi vəsait ayrılmaması, əl əməyindən istifadə olunması tənqid olunub. Tənqid və müzakirələrə səbəb olan foto sonradan icra hakimiyyətinin səhifəsindən silinib. 
Məsələ ilə əlaqədar Masallı Rayon İcra Hakimiyyətindən qafqazinfo-ya bildirildi ki, rəngləmə işi icra hakimiyyəti tərəfindən deyil, kənd sakinləri tərəfindən həyata keçirilib: “Piyada zolağının rənglənməsi ilə bağlı DİN-in Siqnal İdarəsinə müraciət olunmuşdu, onlar gəlib həmin ərazidə rəngləmə işləri aparacaqdılar. Lakin vətəndaşlar tələsiblər və özləri bu işləri həyata keçiriblər. Biz də görülən işlə bağlı paylaşım etmişdik. Adətən, həmişə rayon ərazisində yollar texnika ilə rənglənir”.