“Muz TV Azərbaycan"a Tolikə görə xəbərdarlıq edildi




22 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikası Audiovizual Şurasının yayım zamanı qanunvericiliyin pozulması faktı ilə əlaqədar iclası keçirilib.
Şuradan verilən xəbərə görə, İclasda "MTV" televiziya redaksiyasının (kanalının) efirində 20 fevral 2023-cü il tarixdə saat 12:00-14:45 arası yayımlanan "Ümid ilə gəl" proqramında qeydə alınmış "Media haqqında" Azərbaycan Respublikası Qanununun 14.1.14-cü maddəsinin (qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadan şəxsin təqsirli olması barədə məlumatların dərc edilməsinə (yayımlanmasına) yol verilməməlidir) pozulması faktı müzakirə olunmuşdur.

Belə ki, qeyd olunan proqramın yayımı zamanı (saat 13:25-də) aparıcı Tarix Əliyev tərəfindən barəsində şikayət edilən Nizaməddin adlı şəxs və onun həyat yoldaşı haqqında "Nizaməddin müəllim... müəllim, dırnaq arasında müəllim də...Nizaməddin kişi, 102-yə məndən şikayət eləmisən. Camaat səndən bura şikayət edir, neyniyəssən. Siz ikiniz də cinayətkarsız. Siz cinayət işlədirsiz...kimdi dalında duran?" ifadələr səsləndirilmişdir. Bundan başqa (saat 13:36-da) yenə də aparıcı Tarix Əliyev tərəfindən qeyd olunan mövzu davam etdirilərkən "...kimdi e bunun daydayı... guya "uçastkovu" bilmir? Onda "uçastkovu"nun əli var orda, o sahə müvəkkilinin əli var orda, deməli..." ifadələri səsləndirilmişdir.
Aparılan müzakirələrdən sonra Azərbaycan Respublikası Audiovizual Şurası peyk yayımı həyata keçirən platforma yayımçısı "Muz TV Azərbaycan" MMC-yə ("MTV" televiziya redaksiyası) bir daha belə halın təkrarlanacağı təqdirdə ciddi inzibati sanksiya tətbiq ediləcəyi ilə bağlı xəbərdarlıq edilməsi barədə qərar qəbul etmişdir.