Bakıda 3 manata kolbasa satılır - Sədr ŞOK FAKTLAR AÇIQLADI


Paytaxt bazarlarının birində çəkilmiş şəkildə piştaxtada qoyulan kolbasa məhsullarının qiyməti xeyli diqqət çəkib. Ətin qiymətinin 14 manatdan başladığı halda, təmiz ətdən hazırlandığı iddia edilən kolbasaların qiyməti 3-4 manat arasında dəyişir. Bu cür məhsulların tərkibi ilə bağlı suallar insanlar arasında böyük maraq doğurur. Mövzu ilə bağlı “Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynov Referans.az-a açıqlama verib. Eyyub Hüseynov bu cür tərkibi naməlum məhsullara qarşı mübarizə aparılsa da, yetərincə olmadığını bildirib.
“Kolbasaların və ətin arasında bu qədər qiymət fərqinin olması ilə bağlı Azad İstehlakçılar Birliyinə çoxsayılı zənglər gəlir. Belə kolbasalar daha çox etiketləşməmiş formada metro çıxışlarında cəlbedici paketlənmiş formada satılır. Əhali bilməlidir ki, Azərbaycanda kiloqramı 4 manata olan ət də var, bu qocalmış heyvan ətləridir. Bu cür ətlər satışa çıxarılmır, onlar kolbasa istehsalı sexlərinə verilir. Digər tərəfdən Hindistandan Azərbaycana ət gətirilir, bu ətlər də çox ucuz qiymətə başa gəlir. Kolbasa və sosiska sexləri əksər hallarda bu ətlərdən istifadə edir. Satışda kolbasa var ki, onun tərkibində ətdən başqa hər şey var. Sovet vaxtı “kolbasa nədir?” sualına zarafatla “duz, su və vicdan” cavabı verilirdi. Yəni vicdandan nə qədər çox qoysan ət deməkdir. Məlumdur ki, kolbasa məhsullarına bir çox dadverici maddələrdən əlavə kartof, soya kimi tərəvəzlər vurulur. Amma hər bahalı kolbasa da heç də keyfiyyətlidir demək deyil. Xüsusilə, Rusiya, Ukrayna kimi ölkələrindən gələn kolbasalar yerli istehsaldan qat-qat geri qalır. Bu cür məhsulların tərkibində ət faizi olduqca azdır. Təəssüflər olsun ki, mağazalarda 70 faiz xaricdən gələn kolbasalara üstünlük verirlər. Yerli məhsulların təbliğatı çox zəif aparılır. Bazarda keyfiyyətli məhsullar olduğu kimi ölmüş heyvanların ətindən hazırlanan kolbasalar da az deyil. Bunlar ölmüş eşşək, at və hətta diri ikən belə yeyilməsi iyrənc sayılan heyvanların ətləri də olur. Dəfələrlə Daxili İşlər Nazirliyi bu cür fəaliyyətlə məşğul olan sexləri aşkarlayıb və barələrində tədbirlər görüb".

Eyyub Hüseynov bu məsələdə AQTA-nın ciddi tədbirlər görməli olduğunu bildirib.
"Qida Təhlükəsizliyi Agentliyində ən böyük çatışmazlıqlarından biri bu cür satış yerləri və sexlərlə bağlı yetərincə tədbir görülməməsidir. Əslində media və dövlət orqanları bu mövzuda qarşılıqlı çalışmalıdır. Təəssüflər olsun ki, medianın qarışqa kimi tapıb çıxardığı belə faktları dövlət orqanları tərəfindən dəstəklənmir. AQTA nə qədər ictimaiyyətlə, media ilə sıx əlaqədə işləməyəcək, bu cür faktlar daha çox olacaq. Ən böyük problemlərdən biri də ölkəmizdə istehlakçı siyasətinin bərbad vəziyyətdə olmasıdır. İstehlakçıların hüquqları haqqında qanun 1995-ci ildə qəbul olunub və bu qanuna 6 dəfə dəyişiklik edilib. Hamısı da istehlakçıların ziyanına”.