Bayram Səfərovdan KİMSƏ HESAB SORMALIDIR AXI... - Replika
Tağı Əhmədovun “Ə, bir-bir”inə , Abid Şərifovun “Alabala”sına cavab verməyəndə, Bayram Səfərov da “Sa nə var?” deyəcəkdi…
Jurnalistlər qarşısında ilk kobudluğu Bayram Səfərov etdi və “gedin savadlanın”, deməklə onları toplu halında təhqir etmiş oldu. Təəssüf ki, mikrafonlarının loqoları göz deşən, media təmsilçilərindən heç kim ona layiqli cavab verə bilmədi.
Əslində, icra başçısl işlədiyi ifadəyə görə elə sərt cavabı da haqq edirdi. Çünki özü zır savadsız ola-ola, bir neçə jurnalisti savadsızlıqda ittiham edirdi. Düzü, mən susan jurnalistlərin kimlər olduğunu bilmirəm və savadlarına da bələd deyiləm. Ancaq əminəm ki, onların əksəriyyəti Bayram Səfərovdan qat-qat savadlıdırlar. Onda isə niyə təhqirə cavab vermədilər?
Elə həmin andaca jurnalistlərdən biri ona çox mədəni şəkildə “Siz Şuşaya gedə bilirsiniz” sualını ünvanlayır. Bayram Səfərov yenə də özündən razı və məmur etikasına sığmayan tərzdə “ Sa nə var” kimi cavab verir. Əslində, bu sualla jurnalist düz “qızıl onluğa” vurmuşdu. Bu, həm də kobudluq edən icra başçısına verilən ən layiqli cavab idi.
Bayram müəllimin bunu xüsusi aqresiya ilə qarşılaması onu deməyə əsas verir ki, başçını doğrudan da, Şuşa ilə bağlı proseslərdən təcrid ediblər. Bəli, razıyam ki, jurnalistin “hesab soracam” ifadəsini işlətməsi qüsurludur.
Bunu bir az yumşaq formada deyə bilərdi. Ancaq bunu məhz Bayram Səfərovun yaratdığı gərginlikdən yaranan impulsiv reaksiya kimi də qəbul etmək olar. Çox təəssüflər olsun ki, bizim bəzi həmkarlarımız bu məsələdə birtərəfli olaraq, yalnız jurnalisti qınayır.
Bəs məmur etikası, məsuliyyətindən niyə danışan yoxdur? Heç gördünüz ki, həmin hadisəyə görə hakimiyyət təmsilçisi olan hansısa vəzifəli şəxs çıxıb Bayram Səfərovu tənqid etdi? Heç etməyəcək də.
Qısası, bilirsiniz, niyə belə mənzərə yaranır? Çünki zamanında bizim hadisə yerində olan həmkarlarımız Tağı Əhmədovun “Ə, bir-bir…”; Abid Şərifovun “Alabala…” kimi jurnalistləri təhqir edən davranışlarına lazımi cavab verə bilməyiblər.
Hamı bilir ki, bu ölkədə gənc bir jurnalist istəsə belə, Bayram Səfərov kimi, xirtdəyə kimi korrupsiyanın içində üzən, təkcə Bakı şəhərində 10-larla bahalı restoranı olan birindən “hesab sormaq” iqtidarında deyil.
Ancaq istənilən jurnalistin B.Səfərovun bu cür dikbaş davranışına hansısa formada etiraz etmək hüququ vardı. Ola bilər ki, jurnalist bunun formasını tam da düzgün seçə bilməyib, lazımsız ifadələrdən istifadə etdi. Ümumən isə bu dialoqda Bayram müəllimin günahı jurnalistən qat-qat çoxdur!
Məhəmmədəli Qəribli //azinforum.az//