Spiker 1999-cu ildə Ermənistanda baş vermiş terror aktının təkrarlana biləcəyini deyib


1999-cu ildə baş vermiş terror aktı təkrarlana bilər.
AzBaku.org “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.

Simonyan jurnalistlərə açıqlamasında deyib ki, 1999-cu ildəki terror aktı ərəfəsində baş verən hadisələr hazırda baş verən proseslərdən nisbətən az əhəmiyyətli idi.
Spiker deyib ki, 24 il əvvəl baş vermiş cinayətdə iştirak edənlər və onların motivləri bəllidir, təkcə cinayətkarların məsuliyyətə cəlb edilməsi qalır.
Xatırladaq ki, 1999-cu il oktyabrın 27-də Nairi Hunanyanın rəhbərlik etdiyi bir qrup şəxs parlamentə daxil olaraq iclas zalını odlu silahlardan atəşə tutub. Dəstə üzvləri özləri ilə bir neçə nəfəri girov götürüb. Hadisə zamanı həmin dövrdəki Baş nazir Vazgen Sarkisyan və spiker Karen Dəmirçyan da daxil olmaqla səkkiz nəfər öldürülüb. Parlamentə hücum edənlərin məhkəməsi 2001-ci ilin fevralında başlayıb, 2003-cü ilin dekabrına qədər davam edib. Hadisədə iştirak edən 7 nəfərin məhkəməsi keçirilib. Onlardan altısı ömürlük, bir nəfər isə 14 il azadlıqdan məhrum edilib.
Hadisənin əsl sifarişçilərinin adları hələ də açıqlanmayıb.