Bakunews.az-ın e-mail ünvanına İsmayıllı Rayon İcra Hakimiyyətinin informasiya təminatı və təhlili sektoru tərəfindən növbəti məlumat daxil olub.
Redaksiyamıza daxil olan müraciətin mətni ilə tanış olarkən bir daha əmin olursan ki, həqiqətən də RİH-də, əhəmiyyətli postlarda çalışan məmurların bir qismi qeyri peşəkarlardır və tutduqları vəzifələrin məsuliyyətini anlamaqdan uzaqdırlar. Aşağıdakı mətnə diqqət yetirin:
“Müxtəlif saytları, xəbər portallarını, internet.tv-ləri izləyərək bu qərara gəlirik ki, 23 yanvar 2013-cü il tarixdə baş verən İsmayıllı hadisələrində öz məqsədlərinə çata bilməyənlər yenə də rayonda sabitliyi pozmaq, ara qarışdırmaq, qarşıdurma yaratmaq, hətta milli nifaq salmaq fikrinə düşməyə cəhd göstərirlər. Res.tv (Respublika xəbərləri.com) saytı Uştal kənd sakini Hacı Məmmədovdan götürdüyü video-müsahibəni yayımlamaqla lap uzağa gedib.
Həmin saytın rəhbərliyi Uştala qonşu Qalagah kənd sakini, jurnalistikadan tamamilə uzaq, orta texnikitəhsilli Asim Nazim oğlu Qasımovu “müxbir” götürüb və salıb çöllərə. O Hacı Məmmədovun (el arasında “Hajo” deyirlər) dili ilə rayon icra hakimiyyətinin ünvanına şər-böhtan deyir, iftira yağdırır. Kəndə qaz çəkilməməsinin səbəbini rayon icra hakimiyyətində görür. Soltankənd məktəbinin açılış mərasimində guya başçı Qərbi azərbaycanlıları təhqir edib. Şərləmənin belə iyrənc üsulu heç zaman özünü doğrultmayıb. Əslində məktəb istifadəyə veriləndə indiki başçı Gəncədə işləyirdi.”
Bizə göndərilən məlumatda RİH jurnalistləri lap uzağa getməkdə ittiham edir. Amma, onlar anlamırlar ki, rayonda sabitliyi pozmaq, ara qarışdırmaq, qarşıdurma yaratmaq, hətta milli nifaq salmaq fikrinə düşənlər jurnalistlər və vətəndaşlar deyil, Mirdaməd Sadıqov başda olmaqla İsmayıllı RİH-nin rəsmiləridir. Vətəndaşları və jurnalisti jarqon ifadələrlə təhqir etməkdən çəkinməyən İsmayıllı RİH əslində həmin adamların ünvanına şər-böhtan deyir, iftira yağdırır. Hacı Məmmədova “Hajo” deməklə onu aşağılamağa çalışan RİH-nin rəsmiləri bu addımları ilə yanan odun üzərinə benzin tökdüklərini anlayırlarmı?!... Eləcə də çəkiliş aparan müxbiri çöllərə düşməkdə ittiham etməklə təhqirə yol verdiklərinin fərqindədirlərmi?!... RİH vəzifələrdə çalışan bie neçə qərbi azərbaycanlının adlarını sadalamaqla mətləbdən yayınmağa cəhd göstərir. Belə görüntü yaratmaq istəyirlər ki, guya, vətəndaşların etirazları əsassızdır. Lakin, əlahəzrət fakt göz qabağındadır. Bir neçə gündür ki, İsmayıllı RİH bütün əlaqələrindən istifadə edərək mətbuatda gedən videogörüntüləri və məqalələri yığışdırmağa cəhd edir.
Məlumatda daha sonra qeyd olunur: “Hacı (Hajo) Məmmədov Asim Qasımovun cəfəng sicilləməsində hamı tərəfindən rədd edilməyə layiq bir ifadə işlədir:
“Ətraf kəndlərdə yaşayanlar hamısı azərbaycanlıdır. Onların qazı var, bizimki yox?” Onda bəs Hacı Məmmədov kimdir? Hansı millətə mənsubdur? Kənd camaatı bu video çəkilişə artıq öz mənfi münasibətlərini yazılı formada bildiriblər.”
Xatırladaq ki, İsmayıllı RİH ilk günlərdə yayılmış videogörüntülərin montaj olduğunu cəmiyyətə sırımağa çalışırdı. İndi isə özləri videogörüntüdə montaj əməliyyatına start veriblər. Hacı Məmmədovun söylədiyi ifadələr əksinə yozulur və montaja məruz qalır. Təəssüf ki, Mirdaməd Sadıqov başda olmaqla RİH-nin cavabdeh məmurları həmin videogörüntüyə diqqətlə baxa bilməyiblər. Əgər baxsaydılar “Hajo” adlandırdıqları Hacı Məmmədovun o ifadələri hansı konteksdə dediyi aydın məlum olardı. Məlumatda Asim adlı müxbir əyri yola düşmüş birisi kimi xarakterizə olunur. Hacı Məmmədovun isə nəvələrinə pis nümunə olduğu vurğulanır. Faktsa ondan ibarətdir ki, əyri yola düşən də, pis nümunə olan da məhz İsmayıllı RİH-dir. Azərbaycanda tolerantlıq və multikultural dəyərlərə böyük önəm verilir. Amma bu dəyərlərə sadiq olmaq üçün geniş dünyagörüşə, savada, elmə, əxlaqa malik olmaq lazımdır. İsmayıllı RİN-də isə bu dəyərlərdən xəbəri olan görünür ki, çox az adam var.
İsmayıllı Rayon İcra Hakimiyyətinin elektron ünvanımıza göndərdiyi məktubu olduğu kimi sizlərə təqdim edirik:
İsmayıllı Rayon İcra Hakimiyyəti informasiya təminatı və təhlil sektorunun məlumatı
Müxtəlif saytları, xəbər portallarını, internet.tv-ləri izləyərək bu qərara gəlirik ki, 23 yanvar 2013-cü il tarixdə baş verən İsmayıllı hadisələrində öz məqsədlərinə çata bilməyənlər yenə də rayonda sabitliyi pozmaq, ara qarışdırmaq, qarşıdurma yaratmaq, hətta milli nifaq salmaq fikrinə düşməyə cəhd göstərirlər. Res.tv (Respublika xəbərləri.com) saytı Uştal kənd sakini Hacı Məmmədovdan götürdüyü video-müsahibəni yayımlamaqla lap uzağa gedib.
Həmin saytın rəhbərliyi Uştala qonşu Qalagah kənd sakini, jurnalistikadan tamamilə uzaq, orta texnikitəhsilli Asim Nazim oğlu Qasımovu “müxbir” götürüb və salıb çöllərə. O Hacı Məmmədovun (el arasında “Hajo” deyirlər) dili ilə rayon icra hakimiyyətinin ünvanına şər-böhtan deyir, iftira yağdırır. Kəndə qaz çəkilməməsinin səbəbini rayon icra hakimiyyətində görür. Soltankənd məktəbinin açılış mərasimində guya başçı Qərbi azərbaycanlıları təhqir edib. Şərləmənin belə iyrənc üsulu heç zaman özünü doğrultmayıb. Əslində məktəb istifadəyə veriləndə indiki başçı Gəncədə işləyirdi.
Biz informasiya təminatı və təhlil sektoru olaraq bəyan edirik ki, İsmayıllı tolerant rayondur. Düşmənlərimiz buradan gedəndən sonra milli və ya etnik zəmində heç bir qarşıdurma baş verməyib. Dini, milli, coğrafi mənsubiyyətinə fərq qoymadan hər bir İsmayıllı sakininə cənab Prezidentin tapşırığı səviyyəsində qayğı göstərilir, problemlərinin həllinə məsuliyyətlə yanaşılır, sosial həyatının yaxşılaşması üçün səmərəli tədbirlər keçirir. Rusların yaşadığı İvanovka kəndi, ləzgilərin tarixən məskunlaşdığı Qalacıq kəndi, Qərbi azərbaycanlıların məskən seçdikləri Qalagah, Qoşakənd, Soltankənd, Uştal, Kəlbənd və digər kəndlər rayon rəhbərliyinin daha çox diqqətində olan yerlərdir. Hamıdan, hər şeydən narazı qalan, hamını pis, yalnız özünü yaxşı bilən Hacı Məmmədovun nəvəsi Qoşakənd bələdiyyəsinin sədridir. Qərbi azərbaycanlılar Şahin Musayev, Ələddin Ələkbərov icra nümayəndələridir. Neçə-neçə bələdiyyə sədri və məktəb direktoru Qərbi Azərbaycan əsillidir, İsmayıllı rayon İcra Hakimiyyətinin informasiya təminatı və təhlil sektorunun müdiri də əslən Qərbi Azərbaycandandır.
Hacı (Hajo) Məmmədov Asim Qasımovun cəfəng sicilləməsində hamı tərəfindən rədd edilməyə layiq bir ifadə işlədir: “Ətraf kəndlərdə yaşayanlar hamısı azərbaycanlıdır. Onların qazı var, bizimki yox?” Onda bəs Hacı Məmmədov kimdir? Hansı millətə mənsubdur? Kənd camaatı bu video çəkilişə artıq öz mənfi münasibətlərini yazılı formada bildiriblər.
Ümummilli liderimiz azərbaycanlı olmağı ilə fəxr edirdi. Bizi də azərbaycançılıq ideologiyası əsasında birləşdirib. Gənc yaşından əyri yola düşmüş Asim də, nəvələrinə pis nümunə olan H.Məmmədov da bu ideologiyadan uzaq düşdüklərini dərk etmələri üçün hələ gec deyil.
Azərbaycanda o cümlədən onun dilbər guşəsi olan İsmayıllıda tolerantlıq və multikultural dəyərlərə böyük önəm verilir. Rayonda əmin-amanlığın qorunması hər birimizin ümdə borcumuzdur!
İsmayıllı Rayon İcra Hakimiyyətinin informasiya təminatı və təhlil sektoru