Qəzzada jurnalistlərin ölümü ilə bağlı BCM-ə şikayət verilib
Sərhədsiz Reportyorlar Təşkilatı (RSF) Qəzzada fələstinli jurnalistlərə və israilli jurnalistə qarşı törədilmiş hərbi cinayətlərə görə Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) şikayət verib.
AzBaku.org xəbər verir ki, bu barədə RSF-nin saytında məlumat verilib.
Bildirilib ki, oktyabrın 31-də BCM prokurorunun ofisinə təqdim edilən RSF-nin şikayətində oktyabrın 7-dən bəri vəzifə başında öldürülən 9 jurnalistin və iş zamanı yaralanan daha iki jurnalistin işlərinin təfərrüatları var. Şikayətdə həmçinin, Qəzzada 50-dən çox media orqanının qəsdən, tam və ya qismən dağıdılması qeyd olunur.
RSF-nin hesabatına görə, İsraillə HAMAS arasında müharibə başlayandan bəri 34 jurnalist öldürülüb, onlardan ən azı 12-si işini yerinə yetirərkən - 10-u Qəzzada, biri İsraildə və biri Livanda öldürülüb.
“Xüsusilə Qəzzada jurnalistləri hədəf alan cinayətlərin miqyası, ciddiliyi və xarakteri BCM prokuroru tərəfindən prioritet araşdırma tələb edir. Biz 2018-ci ildən bəri buna çağırış edirik. Hazırda baş verən faciəvi hadisələr BCM-nin fəaliyyətinə ehtiyacın həddindən artıq aktuallığını nümayiş etdirir", RSF məlumatında bildirib.
RSF-nin BCM-yə etdiyi bu şikayət İsrail tərəfindən Qəzzada mülki ərazilərin bombardmanları nəticəsində həlak olan 8 fələstinli jurnalistə və oktyabrın 7-də HAMAS-ın Oz Kibbutza hücumunu işıqlandırarkən öldürülən israilli jurnalistə aiddir.
RSF öz şikayətində həmçinin prokuroru oktyabrın 7-dən bəri öldürülən 34 jurnalistlərin işlərini də araşdırmağa çağırır. Qeyd olunur ki, RSF-nin şikayətində iş başında öldürülən jurnalistlərlə bağlı təfərrüatlar təqdim olunub. Digər jurnalistlərlə bağlı işlər isə BCM-ə göndərilməzdən əvvəl araşdırılır:
“Fələstindən fərqli olaraq, BCM-nin iştirakçısı olmayan Livanda da bir neçə müxbir öldürülüb və ya yaralanıb. RSF bu işlərin digər səlahiyyətli yurisdiksiyalara göndərilməsi imkanlarını araşdırır”.