Nazir: Cəbrayıl, Zəngilan, Füzuli və Ağdamda geniş yaşıllıqlar salınır
Böyük Qayıdış Proqramının əsas prioritetlərindən biri də ətraf mühitlə bağlı problemlərin həlli, regionun dinamik inkişafı fonunda ekoloji təhlükəsizliyin təmin olunmasıdır.
Azbaku.org xəbər verir ki, bunu Milli Məclisdə “Mina Təhlükəsi ilə Mübarizə - partlayıcı sursatların ekosistemə təsiri” mövzusunda ictimai dinləmə zamanı ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib.
O bildirib ki, proqramda qeyd olunan istiqamətlərə uyğun olaraq bu ərazilərdə ekoloji mühitin bərpası üçün mərhələli şəkildə işlər görülür: “Orta və uzunmüddətli perspektivdə meşələrin bərpa edilməsi üçün meşə əkini işləri aparılır. Cəbrayıl, Zəngilan, Füzuli və Ağdam rayonlarında geniş ərazilərdə yaşıllıqlar salınır.
Türkiyə Respublikası ilə birlikdə Cəbrayıl rayonu ərazisində Ağıllı Tingçilik, “Beynəlxalq Meşə Təlim Mərkəzi” və “Dostluq Meşəsi” Kompleksinin yaradılması işlərinə başlanılıb. Buradakı tinglik sahələrində il ərzində 2 milyon fidanın yetişdirilməsi xüsusilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında meşəbərpa tədbirlərinə böyük təkan verəcək.
Bölgədə yerləşən xüsusi mühafizə olunan təbiət ərazilərinin fəaliyyətinin, buradakı bioloji müxtəlifliyin və təbiət abidələrinin bərpası istiqamətində də tədbirlər görülür.
Tamamilə məhv edilmiş hidrometeoroloji müşahidə və ekoloji monitorinq şəbəkəsi yenidən qurulur”.