ADY bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq



“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) bütün strukturları bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. ADY sərnişin məmnuniyyətinin təmin edilməsi və onların təhlükəsiz mənzil başına çatdırılması istiqamətində səylə çalışır və xidmət səviyyəsini vaxtaşırı təkmilləşdirir.
QSC-dən “AzBaku.org -Economics”ə verilən məlumata görə, artan sərnişin tələbatı nəzərə alınaraq 8-12 noyabr tarixlərində Bakı–Ağstafa–Bakı istiqamətində axşam və səhər reysləri əlavə edilib. Səfərlər oturacaq tipli vaqonlardan ibarət sürət qatarı ilə təşkil olunacaq. Əlavə reyslər üzrə hərəkət edən qatar eyni zamanda Ucar stansiyasında da dayanacaq.
Həmçinin 8 noyabrda Bakıdan və Ağstafadan hər iki istiqamətdə sürətli sərnişin qatarı təyin edilib. Qatar Bakıdan saat 07:50-də, Ağstafadan isə saat 16:30-da yola düşəcək.
Bayram günlərində Bakı–Qəbələ–Bakı istiqaməti üzrə qatarlar hər gün hərəkət edəcək. Qatar Bakıdan Qəbələyə saat 07:30-da, Qəbələdən Bakıya isə saat 19:00-da yola düşəcək.
Abşeron dairəvi dəmir yolu xəttində isə qatarlar qeyri-iş günlərinin qrafikinə uyğun fəaliyyət göstərəcək.
Qatarların hərəkət cədvəli ilə tanış olmaq və bilet əldə etmək üçün www.ady.az saytına keçid edə bilərsiniz.


Emil İsmayılov