Fransa səfirləri İsrailyönlü mövqeyinə görə Makrona qarşı çıxıb
Fransa səfirləri Makronun İsrailyönlü mövqeyindən məyusdur.
AzBaku.org xəbər verir ki, Yaxın Şərq və Məğrib bölgəsində çalışan bir qrup Fransa səfiri Prezident Emmanuel Makronun İsrailyönlü mövqeyindən təəssüfləndiklərini bildirmək üçün ortaq müraciət imzalayıblar və müraciəti Fransa XİN-ə göndəriblər.
Bu barədə "Le Figaro" müraciətin mətni ilə tanış olmuş diplomatik mənbəyə istinadən məlumat yayıb.
Məktubun məzmunu ilə tanış olan diplomatın sözlərinə görə, Xarici İşlər Nazirliyinə göndərilən və Yelisey Sarayına ünvanlanmış birgə müraciətdə bildirilir ki, mövcud böhranın əvvəlində Fransanın İsrailyönlü mövqeyi Yaxın Şərqdə yanlış anlaşılıb və ölkənin ənənəvi mövqe ilə ziddiyyət təşkil edir. Belə ki, Fransa tarixən israillilər və fələstinlilər arasında balanslaşdırılmış mövqedə olub.
“Bu səfirlər iddia edirlər ki, bizim İsrailin xeyrinə olan mövqeyimiz Yaxın Şərqdə yanlış başa düşülür və bu, bizim israillilər və fələstinlilər arasında ənənəvi balanslaşdırılmış mövqeyimizi pozur. Notada Fransanın Ərəb dünyasında nüfuzunun itirilməsi və zəif imici qeyd olunur. Kifayət qədər diplomatik tonda bütün bunların Respublika Prezidentinin tutduğu mövqenin nəticəsi olduğu qeyd olunur.
Müraciəti imzalayan diplomatlar xəbərdarlıq edirlər ki, Fransa ilə Yaxın Şərq arasında etimad böhranı ciddidir və uzun müddətli olma riski var. Keçmişdə Məhəmməd peyğəmbərin karikaturaları ilə böhranlar yaşadıq, lakin biz onları tez bir zamanda aradan qaldıra bildik”, - notanı oxuyan diplomat xatırlayır.
O, diplomatların xəbərdarlığını təkrarlayaraq əlavə edib: “Bizə qarşı etimadsızlıq dərindir və uzun müddət davam edəcək. Tərəfdaşlarımız xəyanət etdiyimizi hiss edirlər; onlar hesab edirlər ki, bizim humanizmə əsaslanan diskursumuz yeni yanaşmamızla ziddiyyət təşkil edir. Onlar üçün alternativ səsi olan Fransa artıq mövcud deyil”.
“La Figaro”nun məlumatına görə, müraciəti 10 səfir imzalayıb