Finlandiya DİN Rusiya ilə sərhəd-keçid məntəqələrini bağlamağı təklif edib
Finlandiya Rusiyadan ölkəyə gələn sənədsiz immiqrantların sayının artması ilə əlaqədar sərhəddə hərəkətin məhdudlaşdırılması üçün hazırlıq işlərinə başlamaq qərarına gəlib.
Azbaku.org Yle-yə istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Mari Rantanen mətbuat konfransında bildirib.
"Rusiya səlahiyyətliləri lazımi sənədlərin olmamasına baxmayaraq, Rusiyadan Finlandiyaya səyahətə icazə verir. Söhbət ölkəyə qeyri-qanuni girişdən gedir", - finlandiyalı nazir bildirib.
Rantanen sərhədin bağlanacağını istisna etməyib. O bildirib ki, hökumət bütün lazımi tədbirləri görməyə hazırdır və digər məsələlərlə yanaşı sərhəd keçidlərini məhdudlaşdırmağa və ya mərkəzləşdirməyə imkan verən təklif hazırlanır.
Xatırladaq ki, Finlandiya mətbuatı son günlərdə ölkənin şərq sərhədinə çoxlu sənədsiz şəxsin gəldiyini və onların sərhəddə Finlandiyaya sığınacaq üçün müraciət etdiklərini yazır.
Bu şəxslərin əksəriyyətinin Rusiya deyil, Yaxın Şərq ölkələrinin vətəndaşları olduğu bildirilir. Ekspertlərin fikrincə, bu, Rusiyanın Finlandiyaya qarşı bir növ hibrid müharibəsi ola bilər.
Bu məsələ noyabrın 13-də Brüsseldə keçirilən Aİ XİN rəhbərlərinin iclasında Finlandiya xarici işlər naziri Elina Valtonen tərəfindən də qaldırılıb.