Cənubi Afrika İsrailin aparteid dövlət kimi tanınmağını tələb edəcək
Cənubi Afrika İsraili aparteid dövləti kimi tanımaq üçün Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edəcək.
AzBaku.org "News24" portalına istinadən xəbər verir ki, bu barədə Cənubi Afrikanın xarici işlər naziri Naledi Pandor məlumat yayıb.
Onun sözlərinə görə, Cənubi Afrika və Fələstin İsraili aparteid dövləti elan etmək üçün Fələstin işini Beynəlxalq Cinayət Məhkəməsi və Beynəlxalq Ədalət Məhkəməsi qarşısında təqdim etmək istiqamətində praktiki strategiyalar formalaşdırmaq üzərində işləyirlər.
Bundan əvvəl Cənubi Afrika Respublikasının prezidenti Siril Ramaposa Beynəlxalq Cinayət Məhkəməsini Fələstin-İsrail münaqişəsi zamanı törədilmiş hərbi cinayətlərlə bağlı araşdırma açmağa çağırıb.
Bundan başqa, Cənubi Afrika parlamenti İsraillə diplomatik münasibətlərin kəsilməsi təklifini dəstəkləyib. Parlament bildirib ki, İsrail atəşkəsə razılaşana və BMT-nin vasitəçiliyi ilə aparılan danışıqlarda iştirak edənə qədər tədbirlər qüvvədə qalacaq.