Suraxanıda stomatoloji kabinetdən 9 qızıl diş oğurlanıb


Suraxanıda stomatoloji kabinetlərin birindən 9 ədəd qızıl diş və digər əşyalar oğurlayan şəxs saxlanılıb.

DİN-dən Azbaku.org-yə verilən xəbərə görə, Suraxanı rayonunda yerləşən stomatoloji kabinetlərin birindən oğurluq edilib. Zərərçəkən Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə müraciət edərək kabinetdən 7500 manat dəyərində tibbi avadanlıq, noutbuk və 9 ədəd qızıl dişin oğurlandığını bildirib. Bölmə əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini əvvəllər məhkum olunmuş 1985-ci il təvəllüdlü Firudin Babayev saxlanılıb. Həmin şəxsdən əlavə olaraq 4 qram narkotik vasitə olan heroin də aşkar olunaraq götürülüb. Faktla bağlı araşdırmalar davam etdirilir. F.Babayevin əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polis orqanlarına müaciət edə bilərlər.

Suraxanıda stomatoloji kabinetdən 9 qızıl diş oğurlanıb