Xəzərin suyundan əkinlərin suvarılmasında istifadəyə başlanılır? - AÇIQLAMA


Dünyada su böhranının hökm sürdüyü bir zamanda suya qənaət zərurəti yaranıb. Sön dövrlər ərzində kənd təsərrüfatında su qıtlığı səbəbindən fermerlər böyük çətinliklərlə üzləşirlər və suya ehtiyaclı əkin sahələrinin vaxtında və lazım olan qədər suvarılmaması məhsuldarlığı xeyli aşağı salıb. 
Azbaku.org-nin xəbərinə görə, kənd təsərrüfatı eksperti Akif Nəsirli İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, sudan istifadə qaydaları düzgün tənzimlənməyib. Ona görə də su ilə bağlı problemlər bitmək bilmir.
Ekspert xatırladıb ki, il ərzində Azərbaycanın daxili və xarici mənbələrindən ölkəyə orta hesabla 30 milyard kubmetr suvarma suyu daxil olur:
“Bu həcmdə olan su ilə 3 milyon hektar ərazini suvarmaq mümkündür. Azərbaycanda isə cəmi 2 milyon hektara yaxın əkinə yararlı sahələr var. Bu sahələrin təxminən 400 min hektarı mütəmadi olaraq suvarılır”. 
A.Nəsirli hesab edir ki, Azərbaycanda su qıtlığının yaranması təkcə su resurslarının azlığı ilə bağlı deyil. O deyir ki, gün ərzində Bakı şəhərində minlərlə kubmetr kanalizasiya suları dənizə axıdılır.
Mütəxəssisin sözlərinə görə, bu kanalizasiya sularını təmizləyərək suvarma suyu kimi istifadə etmək mümkündür:
“Dəniz suyu duzlu olduğu üçün ayırmaq bir qədər çətindir, amma kanalizasiya sularını təmizləmək asandır. Fermerlər düşünürlər ki, torpağın daha çox suvarılması məhsuldarlığın artmasına səbəb olur. Halbuki bu yanaşma doğru deyil. Torpağı daha çox suvaranda yer şoranlaşır və qrunt suları üzə çıxır. Bu isə məhsuldarlığı aşağı salır”. 
Ölkədə suya qənaət edilmədiyini vurğulayan ekspert bildirir ki, suyun kanallar vasitəsilə ötürülməsi 30-50 faizlik itkiyə səbəb olur:
“Ona görə də aparıcı su kanallarının kəmərlərə vurulması arzuolunandır. Yəni sahələrə suyun çatdırılmasının kəmərlər vasitəsilə həyata keçirilməsi məqsədəuyğundur. Bu addım kanallarla gələn suyun buxarlanmasının, eləcə də suyun torpağa filtrasiya edilməsin ilə ətraf ərazilərin şoranlaşmasının qarşısını alacaq”.
Ekspert həmçinin Xəzər dənizinin suyundan suvarmada istifadənin mümkün olub-olmadığından da danışıb. O, bu addımı elə də uğurlu hesab etməyib. A.Nəsirli bildirib ki, Xəzər dənizinin suyunu emal edərək şirinləşdirmək bir qədər baha başa gəldiyi üçün su ilə bağlı mövcud olan daha ciddi problemlər həll olunmalıdır:
“Çünki Azərbaycanda su qıtlığı o səviyyədə deyil ki, dəniz suyunun şirinləşdirilməsinə ehtiyac yaransın. Ümumilikdə ölkənin müxtəlif regionlarında su anbarları tikilməlidir. Hazırda ölkədə 160 su anbarı olsa da, hər biri tam tutumu ilə işləmir. Bəzi su anbarları cəmi 10-20 faizlik tutumla işləyir. Su anbarlarının sayı 200-ə çatdırılmalıdır”.