Azərbaycan milli komandalarının yeni qərargahı yaradıla bilər.
AzBaku.info Apasport.az-a istinadən xəbər verir ki, yığmalara yeni məşqçi təyinatlarından sonra belə zərurət yaranıb.
Belə ki, millilərə başçılıq edəcək məşqçilər AFFA-nın qarşısında tələblə çıxış ediblər. Qurban Qurbanov (əsas), Rəşad Sadıqov (U-21 və U-20), Vüqar Məmməd (U-19), Zaur Həşimov (U-18) və Ramin Quliyev (U-17) assosiasiyadan ayrıca ofis istəyiblər.
Yeni məşqçilər AFFA-nın yerləşdiyi binanı bəyənməyərək, burada ayrılacaq məkandan imtina ediblər. Çalışdırıcılar toplantıların, görüşlərin, mətbuat konfransları və digər tədbirlərin keçiriləcəyi xüsusi məkan tələbi qoyublar.
Onların bu istəyi gerçəkləşsə, yığmaların bütün qərargahı yeni məkanda qərarlaşacaq. AFFA-nın gözlənilməz tələbə necə cavab verəcəyi hələ bəlli deyil.
Əslində, hansısa ölkədə milli komandaların ayrıca mənzil-qərargahının olması mümkünsüz deyil. Amma əksər hallarda milli assosiasiya və yığma ölkə futbolunun ayrılmaz hissəsi olduğundan eyni divarlar arasında yerləşir. Təbii ki, istisnalar da mümkündür.
Məşqçilərin tələbi ilə bağlı məsələnin həlli yolu və məkanı da var. Belə ki, əksər ölkələrdə yığmaların öz təlim-məşq bazası mövcuddur. Böyük ərazini əhatə edən və hər cür şəraitlə təchiz olunan belə məkandan millilərin mənzil-qərargahı kimi də istifadə etmək mümkündür.
Elə ölkəmizdə də belə yer var. Böyük vəsaitlər hesabına inşa olunan milli komandaların təlim-məşq bazasına xidmət edən AFFA Futbol Mərkəzi qərargah üçün də ideal məkandır. Söhbət “Dalğa Arena”nın yerləşdiyi bazadan gedir. Çünki əlavə yerin icarə, ya da inşasına xərc və zaman tələb olunacaq. Hazır məkan varsa, buna nə ehtiyac?
Futbol Mərkəzində komandaların məşqlərini daim izləmək də çalışdırıcıların işini yüngülləşdirə bilər. Arenadakı şəraitdən danışmaq isə yersizdir. Çünki vaxtilə FİFA və UEFA prezidentlərinin açılışını gerçəkləşdirdiyi baza ölkəmizdə ən yaxşılardan sayılır. Həm də millilərin bazası mənzil-qərargah rolunu da oynaya bilməyəcəksə, bu arenaya nə ehtiyac var?
Futbolumuzda belə təcrübə əvvəllər də olub. Xeyli müddət “Şəfa” stadionu milli komandalara xidmət edib. Hətta məşqçilər də bu məkanda toplanırdılar.
Təbii ki, tələblə çıxış edən məşqçilər başqa məkan da istəyə bilər. Elə AFFA-nın da başqa məkan təklif etməsi mümkündür. Məsələn, Bakı Olimpiya Stadionu da məşqçilərə təklif edilə bilər. Amma bir şey dəqiqdir ki, yeniliklər assosiasiya ilə millilərin ayrılması ilə nəticələnəcək.