Xidmət müddəti başa çatan hərbi qulluqçular tərxis olunur
Azərbaycan Respublikası vətəndaşlarının 2024-cü il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamının icrasının təmin edilməsi ilə əlaqədar müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən Azərbaycan Ordusunun hərbi hissələrində müddətli həqiqi hərbi xidmət müddəti başa çatmış hərbi qulluqçuların tərxis edilməsi ilə bağlı tədbirlər keçirilir.
Müdafiə Nazirliyindən Azbaku.org-yə verilən xəbərə görə, əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Keçirilən tədbirlərdə çıxış edənlər Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən ehtiyata buraxılan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularını hərbi xidmətlərini layiqincə başa vurduqlarına görə təbrik edib, onlara gələcək işlərində müvəffəqiyyətlər arzulayıblar.
Xidmət müddəti başa çatan əsgərlər isə öz növbələrində Azərbaycan Ordusu sıralarında xidmət etməkdən qürur duyduqlarını bildiriblər. Hərbi xidmətdə olduqları müddət ərzində əldə etdikləri müsbət keyfiyyətlərin onların gələcək həyatlarında faydalı olacağına əminliklərini bildiriblər.
Xidmət müddəti ərzində fərqlənən bir qrup hərbi qulluqçuya mükafatlar təqdim edilib.
Tərxis olunan hərbi qulluqçularla xatirə şəkilləri çəkdirildikdən sonra onlar yaşadıqları bölgələrə yola salınıblar.