Kino ittifaqlarının birləşməsi ilə bağlı qurultay fevralda keçiriləcək


"Hazırda ictimai təşkilatların hesabat ərəfəsidir. Azərbaycan Kinematoqrafçılar İttifaqının hesabatı əvvəlki illərdə olduğu kimi yaxın günlərdə dərc olunacaq".

Azbaku.org xəbər verir ki, bunu APA-nın kino ittifaqlarının ümumi qurultayı ilə bağlı sorğusuna cavab olaraq, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi rejissor Əli İsa Cabbarov deyib.

"Eyni zamanda, onu da qeyd edim ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı hazırda bir ofisdə işini davam etdirir", - katib əlavə edib.
Əli İsa Cabbarov birləşmə ilə bağlı qurultayın növbədənkənar prezident seçkilərindən sonra baş tutacağını deyib.
"Birləşmə niyyəti, əlbəttə, qüvvəsindədir. Böyük ehtimalla, növbədənkənar prezident seçkilərindən sonra - fevralın ikinci yarısında sözügedən qurultay baş tutacaq".
Qeyd edək ki, fəaliyyətdə olan kino ittifaqları ötən ilin iyununda birləşmələri barədə bəyanat yayıblar. Bundan sonra bir ad altında fəaliyyət göstərəcək kino ittifaqının sədrliyi üçün hazırda AKİ sədri olan Xalq artisti Rasim Balayev namizədliyini irəli sürüb. ARKİ-nin hazırkı sədri Xalq artisti Şəfiqə Məmmədova isə namizəd olub-olmayacağı barədə fikir bildirməyib.