Lənkəran regional “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Lənkəran regional “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb.
Azbaku.org xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev APA-nın cənub bürosuna verdiyi açıqlamada bildirib ki, hazırda 27 “ASAN xidmət” mərkəzi mövcuddur. Onlardan 7-si paytaxt Bakıda, digər 18-i isə regional mərkəzlər olmaqla Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Quba, Masallı, Mingəçevir, İmişli, Şəki, Şamaxı, Kürdəmir, Tovuz, Ağcabədi, Balakən, Salyan, Naxçıvan və Lənkərandadır.
Onun sözlərinə görə, “ASAN xidmət” mərkəzlərində müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən vətəndaşlara ümumilikdə 400-ə yaxın, “ASAN kommunal” mərkəzlərində isə “Azərişıq” ASC, “Azərsu” ASC və “Azəriqaz” İB tərəfindən 55 xidmət göstərilir:
"08.01.2024-cü il tarixinədək “ASAN xidmət” mərkəzlərinə 8 milyon 890 mindən çox vətəndaş tərəfindən 70 milyona yaxın müraciət daxil olub. Keçirilən rəy sorğularına əsasən vətəndaşların xidmətlərdən məmnunluq əmsalı 99,8% təşkil edir.
2013-cü ilin iyun ayından etibarən 10 səyyar “ASAN xidmət” avtobusu və səyyar “ASAN qatar” vasitəsilə 2 milyon 930 mindən çox vətəndaşa səyyar qaydada xidmət göstərilib.
“ASAN xidmət”in fəaliyyətə başladığı ilk gündən etibarən 35 mindən çox könüllü bu prosesə qoşulmuş və onlardan 3300-dən çoxu “ASAN Kadr” portalı vasitəsilə işlə təmin oluub.
Dövlət Agentliyi 20-dən çox ölkə və beynəlxalq təşkilatla “ASAN xidmət” modelinin ixracı ilə bağlı müqavilə imzalayıb.
Lənkəran regional “ASAN xidmət” mərkəzi rayonunun Qurumba kəndində 2022-2023-cü illərdə inşa edilmişdir. Mərkəz üçün ayrılmış 2,0 ha ərazidə 3 mərtəbəli inzibati bina, fəvvarə, yerüstü avtomobil dayanacağı, istirahət və uşaq əyləncə meydançası, “ASAN Kafe” yaradılıb.
Lənkəran, Astara, Lerik və Yardımlı rayonlarında qeydiyyatda olan ümumilikdə 500 minə yaxın vətəndaşın əhatəsində olan mərkəz ərazi məhdudiyyəti olmadan fəaliyyət göstərəcəkdir və burada 214 əməkdaş və 40 könüllü çalışacaq.
Mərkəz video müşahidə kameraları, yanğın söndürmə, mərkəzləşdirilmiş havalandırma və istilik sistemləri, “ASAN ödəniş” terminalları, elektron şikayət, elektron rəy sorğusu və Çağrı mərkəzinə zəng köşkləri və müasir avadanlıqlar ilə təchiz edilmişdir. Regionda startapların inkişafını təmin etmək məqsədilə burda “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi də fəaliyyət göstərəcək.
Burada ASAN İnnovativ İnkişaf Mərkəzinin də fəaliyyət göstərməsi nəzərdə tutulur. Əsas məqsəd qabaqcıl ASAN təcrübəsini, innovativ və yeni təlim metodlarını tətbiq etməklə ölkəmizdə müxtəlif özəl və dövlət orqanlarında kadrların peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsinə müsbət töhfələr verməkdir".
Xatırladaq ki, yanvar ayının 16-da Lənkəran regional “ASAN xidmət” mərkəzi istifadəyə verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərkəzin açılışında iştirak edib.