ÜST: Qəzza zolağında Hepatit A-ya yoluxma sayı artıb
Qəzza zolağında təmiz suya giriş ciddi şəkildə məhdudlaşdırıldığı üçün Hepatit A-ya yoluxma sayı artıb.
Azbaku.org xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus "X" hesabında bildirib.
"Qeyri-insani həyat şəraiti - demək olar ki, içməli suyun olmaması, natəmiz tualetlər və ya ətrafı təmiz saxlamağın qeyri-mümkünlüyü - Hepatit A-nın daha da yayılmasına imkan verəcək. Xəstəliklərə diaqnoz qoymaq imkanları son dərəcə məhdud olaraq qalır. İşləyən laboratoriyalar yoxdur. Bu səhiyyə böhranına reaksiya vermək imkanı məhdud olaraq qalır. Biz tibbi yardımın maneəsiz və təhlükəsiz əldə edilməsinə və sağlamlığın qorunmasına çağırış etməyə davam edirik", ÜST-nin baş direktoru vurğulayıb.
Tedros Adhanom Qebreyesus qeyd edib ki, viruslu qaraciyər infeksiyası olan Hepatit A adətən yüngül formada keçir, lakin bəzən ağır xəstəliyə səbəb ola bilər. O əlavə edib ki, məhdud laboratoriya imkanlarına görə hələlik 24 nəfərdə Hepatit A yoluxması analizlə təsdiqlənsə də, minlərlə sarılıq yoluxmasının də qaraciyər infeksiyası ilə əlaqəli olduğu güman edilir ki, bu da Hepatit A yoluxmasının daha çox yayıla biləcəyini göstərir.