“Əhmədli” metrostansiyasında işıqlandırma sistemi YENİLƏNDİ
"Bakı Metropoliteni" QSC-nin “Əhmədli” stansiyasında yeni işıqlandırma sistemi quraşdırılıb.
Modern.az-a istinadən xəbər veririk.
Məlumata görə, stansiyalarda işıqlandırma sisteminin mərhələli yenilənməsi tədbirləri daha bir stansiyada tamamlanıb. “Əhmədli” stansiyasında işıqlanma sistemi köhnəldiyi və hərəkətin təşkili prinsiplərinə cavab vermədiyi üçün yeni müasir və elektrik enerjisinə qənaət edən LED lampalar quraşdırılıb. Bu lampalar sərfiyyat və qənaət baxımından çox əlverişli olması ilə yanaşı, stansiyada optimal işıqlandırmanı təmin edir, həm də stansiyanın memarlıq ansamblının estetik görkəminə xələl gətirmədən platformanın ümumi dizaynına əlavə rəng çaları qatır və onu daha qabarıq büruzə verir.
Yeni işıqlandırma sistemi stansiyanın platformasını və stansiya yollarını tam əhatə edib. İşlər hərəkət təhlükəsizliyi, sərnişindaşıma qaydalarına maneə törətmədən müvəqqəti işıqlanma təmin edilməklə, əsasən, gecə növbələrində aparılıb.
Yeniləşmə tədbirləri işıqlandırma sisteminin dəyişdirilməsinə ehtiyac duyulan digər stansiyalarda müvafiq plan üzrə davam etdiriləcək.
Buna qədər “Cəfər Cabbarlı”, “Nizami”, “Elmlər Akademiyası” və “20 Yanvar” stansiyalarında eyni işlər yerinə yetirilib.