Ümid edirəm ki, Dünya Kubokunda çıxışım uğurlu alınacaq
“Bakıdakı yarışa çox yaxşı hazırlaşmışam”.
Bu sözləri batut gimnastikası və tamblinq üzrə milli komandanın üzvü Mixail Malkin Bakıda keçiriləcək Dünya Kubokuna hazırlıq barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə açıqlamasında deyib.
İkiqat dünya və Avropa çempionu hərəkətlər üzərində yaxşı işlədiyini bildirib: “Bu yarış Böyük Britaniyanın Birmingem şəhərində keçirilmiş batut gimnastikası və tamblinq üzrə 37-ci dünya çempionatından sonrakı ilk turnirim olacaq. İki dəfə Dünya Kubokunda iştirak etmişəm. Ümid edirəm ki, bu dəfə də çıxışım uğurlu alınacaq”.
Qeyd edək ki, batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku fevralın 23-25-də Milli Gimnastika Arenasında təşkil olunacaq.