Rusiya səfiri Navalnının ölümü ilə bağlı Danimarka XİN-ə çağırıldı

Rusiyanın Danimarkadakı səfiri Vladimir Barbin Aleksey Navalnının ölümü ilə əlaqədar krallığın Xarici İşlər Nazirliyinə çağırılıb.
Vladimir Barbinin bu barədə TV2 kanalına verdiyi şərh səfirliyin rəsmi “Telegram” kanalında paylaşılıb.  
“Fevralın 20-də mən Avropa İttifaqının (Aİ) Xarici siyasət idarəsinin rəhbəri Jozep Borrelin Aleksey Navalnının ölümü ilə bağlı Aİ xarici işlər nazirlərinin görüşündən sonra verdiyi bəyanat kontekstində danışıqlar üçün Danimarka Xarici İşlər Nazirliyinə çağırıldım”, - deyə o bildirib.
“Mən öz növbəmdə bildirdim ki, Rusiya tərəfinin apardığı araşdırmalar bitənə qədər bu cür demarşlar yalnız Navalnının ölümündən siyasi məqsədlər üçün istifadə etmək cəhdi kimi qiymətləndirilə bilər”, - deyə Barbin qeyd edib.
Xatırladaq ki, fevralın 16-da Yamalo-Nenets Muxtar Dairəsi üzrə Federal Penitensiar Xidmət Navalnının koloniyada öldüyü barədə məlumat yayıb. Qurumun məlumatına görə, Navalnı gəzintidən sonra özünü pis hiss edib və huşunu itirib. Həkimlər dərhal məhbusa kömək etməyə başlayıblar və yarım saatdan çox onu reanimasiya etməyə çalışıblar. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Fevralın 17-də Böyük Britaniya Xarici İşlər Nazirliyi Navalnının ölümü ilə bağlı Rusiyanın elçisinin müşavirini çağırıb. Sonrakı günlərdə rusiyalı diplomatlar İspaniya, İtaliya, Latviya, Litva, Niderland, Norveç, Polşa, Portuqaliya, Finlandiya, Fransa, Almaniya, İsveç və Estoniyanın xarici işlər nazirliklərinə də çağırılıblar.