Azərbaycan Latviyaya ixrac missiyası təşkil edəcək


Azərbaycan Latviyaya ixrac missiyası təşkil edəcək.
İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO)  bildirilib ki, bu barədə qurumun icraçı direktoru Yusif Abdullayev Azərbaycanda səfərdə olan Latviyanın kənd təsərrüfatı nazirinin müavini Normunds Şmitsin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə deyib.
Yusif Abdullayev agentliyin fəaliyyəti, ixracın təşviqi mexanizmləri, o cümlədən "Made in Azerbaijan" brendi və logistikanın subsidiyalaşması barədə məlumat verib. Bildirilib ki, yerli ixracatçıların Latviya bazarına çıxış imkanlarının araşdırılması və genişləndirilməsi, o cümlədən ölkəmizin məhsullarının təqdim edilməsi məqsədilə Latviyaya ixrac missiyasının təşkil olunması planlaşdırılıb. Bununla yanaşı, Latviyanın ənənəvi qida məhsullarının ölkəmizin bazarına girişini təmin etmək üçün latviyalı sahibkarlar bu ilin may ayında keçiriləcək “InterFood Azerbaijan” sərgisində iştirak etməyə dəvət olunublar.
Latviyanın kənd təsərrüfatı nazirinin müavini Normunds Şmits Azərbaycanın ixrac etdiyi kənd təsərrüfatı məhsullarına Latviyada əhəmiyyətli tələbin olduğunu qeyd edib, idxalçılar və ixracatçılar arasında əlaqələndirmə işlərinin aparılmasının vacibliyini vurğulayıb. Nazir müavini əlavə edib ki, qida məhsullarının təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarəti kimi sahələrdə əməkdaşlığın intensivləşdirilməsi yerli şirkətlərin Latviyaya ixracını stimullaşdıracaq. Bu kontekstdə hər iki ölkədə fəaliyyət göstərən sahibkarların əlaqələndirilməsi çərçivəsində tərəflər arasında potensial ixrac və idxal oluna biləcək məhsullar üzrə məlumat mübadiləsinin aparılmasına dair razılıq əldə olunub.