Bakıda Türkiyə və Rusiya arasında gərginlik - Sahibə Qafarova müdaxilə etdi


"Nurman Kurtulmuş qeyd etdi ki, Rusiya bütün dünya ilə müharibə aparır, amma bu belə deyil. Rusiya yalanla, Qərbin ikili standartları ilə mübarizə aparır". 
 
Modern.az-a istinadla  xəbər veririk ki, bu fikirləri Rusiyanın Federasiyasının Dövlət Dumasının sədr müavini Petr Tolstoy fevralın 22-də Bakıda keçirilən Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyasında bildirib.
"Biz buradan qalib çıxacağıq. Biz milli təhlükəsizliyimizi təmin edirik. Necə ki, bunu 1945-ci ildə Berlində təmin etmişik, eləcə də Kiyevdə təmin edəcəyik. Biz ABŞ-nin diqtəsi ilə idarə olunan dünya nizamını qəbul etməyəcəyik. Qərbin son 500 ildəki hegemoniyasının sonu gəlib", - deyə Petr Tolstoy vurğulayıb. 
 
TBMM sədri Nurman Kurtulmuş isə qeyd edib ki, tərcümə xətası olub: "Rusiyanın bütün dünya ilə müharibə apardığını deməmişəm. Davam edən Ukrayna-Rusiya müharibəsinin artıq Qərblə aparılan müharibəyə çevrildiyini demişəm. Türkiyə hər zaman sülhdən və diplomatiyadan yana olub. Biz hər zaman danışıqlarda vasitəçi olmağa hazırıq".
 
Milli Məclisin spikeri Sahibə Qafarova da bunun tərcümə xətası olduğunu, Nurman Kurtulmuşun belə bir şey demədiyini vurğulayıb.