
ABŞ Dövlət Departamentinin rəsmisi Metyu Miller amerikalıları Rusiyaya səfər etməməyə çağırıb.
"Kommersant"a istinadən xəbər veririk ki, onun sözlərinə görə, Rusiyaya gedən istənilən amerikalı həbs olunmaq riski daşıyır.
Miller brifinqdə deyib: “Heç bir Amerika vətəndaşı hər hansı səbəbdən Rusiyaya səyahət etməyi düşünməməlidir, çünki onlar saxlanılmaq təhlükəsi ilə üzləşirlər”.
O əlavə edib ki, ABŞ hələ də Rusiyada saxlanılan ABŞ vətəndaşları ilə konsulluq əlaqəsi axtarır: “Hazırda Rusiya hakimiyyəti ilə çoxlu müntəzəm əlaqələrimiz yoxdur, lakin səfirliyimiz bu məsələni mütəmadi olaraq qaldırmağa davam edir”.
Fevralın 20-də FTX əməkdaşları Rusiya və ABŞ-ın ikili vətəndaşlığı olan 33 yaşlı Los-Anceles sakinini Yekaterinburqda saxlayıblar. Kəşfiyyat xidmətlərinin məlumatına görə, qadın Ukrayna Silahlı Qüvvələrinə kömək üçün pul toplayırmış. O, dövlətə xəyanət maddəsi (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 275-ci maddəsi) ilə ittiham olunub. 2023-cü ilin martında isə FTX əməkdaşları Yekaterinburqda "Wall Street Journal"ın müxbiri Evan Gerşkoviçi casusluq maddəsi ilə (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 276-cı maddəsi) saxlayıblar. FTX-nin məlumatına görə, jurnalist ABŞ-ın göstərişi ilə hərbi sənaye kompleksi müəssisələrindən biri haqqında dövlət sirri təşkil edən məlumatlar toplayıb.


