Hesablama Palatasının sədri Beynəlxalq Valyuta Fondunun nümayəndə heyəti ilə görüş keçirib


Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Bakıda səfərdə olan Beynəlxalq Valyuta Fondunun nümayəndə heyəti ilə görüşüb.
Palatadan AZƏRTAC-a bildirilib ki, görüşdə nümayəndə heyətinin üzvləri missiyanın əsas məqsədinin dövlət maliyyəsinin idarə olunması ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi olduğunu vurğulayıblar. Qonaqlar aidiyyəti məsələ ilə bağlı Hesablama Palatasının gördüyü işlərdən məlumatlı olduqlarını qeyd edərək, hazırda qurumun rəylərindəki tövsiyələrlə tanış olduqlarını və buna dair münasibət təqdim edəcəklərini deyiblər.
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov dövlət maliyyəsinin idarəedilməsi sahəsində aparılan islahatlar və burada təmsil etdiyi qurumun rolu barədə qonaqlara məlumat verib. O qeyd edib ki, Hesablama Palatası Büdcə Məcəlləsinin hazırlanması ilə bağlı təşəbbüslə çıxış edib və təkliflər əvvəlki illərdə aidiyyəti orqanlara təqdim olunub. Sədr bildirib ki, təkliflər həm hazırda qanunvericilikdə olan bəzi məsələlərin daha aydın şəkildə tənzimlənməsinə istiqamətlənib, həm də fiskal sahə üzrə yeni yanaşmaları, o cümlədən dövlət maliyyə nəzarəti sisteminin tənzimlənməsinə dair məsələləri əhatə edir. Vüqar Gülməmmədov büdcə statistikasına dair məsələlərə toxunaraq ölkəmizin vahid büdcə təsnifatının Dövlət Maliyyə Statistikası Təlimatına uyğunlaşdırılması istiqamətində atılan addımların davam etməsinin zəruriliyindən bəhs edib. Daha sonra sədr dövlət sektoru üzrə maliyyə hesabatlarının auditi mövzusunda danışaraq maliyyə auditi çərçivəsində dövlət qurumlarının konsolidə edilmiş maliyyə hesabatlarının qiymətləndirildiyini bildirib.
Görüş zamanı OMXÇ üzrə qiymətləndirmələr və nəticə əsaslı büdcənin auditi, dövlət borcunun auditi üzrə praktik yanaşmalar, dövlət investisiyaların qiymətləndirilməsi, habelə əməkdaşlıq çərçivəsində gələcəkdə görülə biləcək məsələlər barədə müzakirələr aparılıb.