ABŞ kosmik aparatı son 50 ildə ilk dəfə Aya eniş edib
“Intuitive Machines” kompaniyasının kosmik gəmisi 50 ildən sonra Ay səthinə enən ilk Amerika aparatıdır.
AZƏRTAC NASA-nın saytına istinadla xəbər verir ki, “Odissey” adlı aparat Ayın Cənub Qütbünə enib. O, NASA-nın texniki avadanlıqlarını və digər kommersiya yüklərini Aya çatdırıb.
“Odissey” ötən həftənin cümə axşamı “SpaceX” kompaniyasının “Falcon 9” raketi ilə NASA-nın Floridadakı Kennedi Kosmik Mərkəzindən fəzaya buraxılıb. Bu,“Intuitive Machines”in Ay səthinə ilk robot uçuşudur. Kod adı IM-1 olan missiyanın Ayda 14 gün fəaliyyət göstərəcəyi gözlənilir.
NASA-nın məlumatına görə, eniş aparatı, həmçinin dəqiq eniş texnologiyalarının, rabitə və naviqasiya qovşağının imkanlarını sınaqdan keçirəcək.
Qeyd edək ki, ABŞ-ın Aya son eniş missiyası 1972-ci ilin dekabrında, “Apollon” proqramı çərçivəsində baş tutmuşdu.