Bakıda keçiriləcək Dünya Kubokunda Azərbaycanı təmsil edəcək idman gimnastları müəyyənləşib.
Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, kişilər arasında Nikita Simonov halqalar, İvan Tixonov 6 alətin hər birində, Rəsul Əhmədzadə sərbəst hərəkətlər, dəstəli at və paralel qollar, Mənsum Səfərov isə dayaqlı tullanma və turnikdə bacarıqlarını nümayiş etdirəcəklər.
Qadınlar arasında isə Nazənin Teymurova 4 alətin hər birində, Samirə Qəhrəmanova gimnastika tiri və sərbəst hərəkətlərdə mübarizə aparacaq.
“Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan turnirdə 70 ölkədən idmançıların iştirakı gözlənilir. Yarışların yekununda ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” Kuboku da təqdim olunacaq.
Milli Gimnastika Arenasında təşkil olunacaq idman gimnastikası üzrə Dünya Kuboku martın 7-10-da baş tutacaq.