Respublika QİÇS-lə Mübarizə Mərkəzi: Narkotik istifadəçiləri arasında İİV-ə yoluxanların sayı 2 dəfə azalıb


“Azərbaycanda İİV-in aşkarlandığı ilk illərdə xəstəlik əhalinin risk qruplarına aid xüsusilə də inyeksion narkotik istifadəçiləri arasında geniş yayıldı. Hazırda isə ölkəmizdə risk qrupları ilə aparılan zərərin azaldılması proqramları nəticəsində inyeksion narkotik istifadəçiləri arasında İİV-ə yoluxanların sayının 2 dəfə azalmasına nail olunub”.
AZƏRTAC Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla bildirir ki, bunu Respublika QİÇS-lə Mübarizə Mərkəzinin şöbə müdiri Səbuhi Əliyev deyib. Mərkəzin risk qrupları arasında həyata keçirdiyi məqsədli fəaliyyəti sayəsində Azərbaycanda epidemiyanın təmərküzləşmiş səviyyədə olduğunu deyən şöbə müdiri vurğulayıb ki, Şərqi Avropa, Mərkəzi Asiya regionu ölkələri arasında Azərbaycan yoluxma üzrə son yerlərdədir. Eyni zamanda, Səhiyyə Nazirliyinin dəstəyi nəticəsində İİV üzrə göstəricilərdən asılı olmayaraq, xəstəyə yoluxmanın aşkarlandığı vaxtdan, antiretrovirus terapiya proqramına cəlb olunması üçün təminat təşkil olunub.
S.Əliyev İİV infeksiyasına qarşı görülən profilaktik tədbirlərdən də danışıb: “İİV-lə mübarizə sistemində xəstələrin aşkarlanmasından başlayaraq, müalicəyə cəlb olunmaları və hətta onun davam etdirilməsi profilaktika tədbirlərinə aiddir. Beləliklə, mərkəz tərəfindən İİV-ə yoluxanların erkən aşkarlanması, dərhal antiretrovirus terapiyasına cəlb edilməsi, müalicənin davamlılığının təmin edilməsi, əhalinin İİV-lə bağlı biliklərinin artırılması və bu biliyin əsasında davranışların tənzimlənməsi, onun müşahidə dövrünün hər bir mərhələsində sağaldılması ilə yanaşı, yoluxdurmaq imkanlarını azaldaraq, profilaktika tədbirləri həyata keçirilir. Mərkəzin cəmiyyətdə stiqma və diskriminasiya ilə bağlı aparılan mübarizə tədbirləri də xəstələrin müayinələrdən yayınmasını əngəlləyərək müalicəyə erkən cəlb olunmalarına sövq edir, İİV-in yayılmasının qarşısının alınmasına xidmət göstərərək profilaktik xarakter daşıyır”.
Səhiyyə Nazirliyinin müvafiq əmri ilə respublikada stasionar Könüllü müayinə və məsləhətləşmə məntəqələri şəbəkəsinin yaradıldığını qeyd edən mütəxəssis bu məntəqələrin stasionar və mobil şəkildə təşkil edildiyini vurğulayıb: “Bu strukturlar əhalinin geniş əlçatanlığını nəzərə alaraq, ambulator poliklinika tipli müəssisələrdə şəxsin dini, irqi, milliyyəti və sosial-iqtisadi vəziyyətindən asılı olmayaraq, ona İİV-lə bağlı məlumatı təqdim edir, İİV-ə müayinə aparır və nəticə etibarilə müvafiq tövsiyələr verir. Xidmət anonim formada da aparılır. Burada məqsəd erkən aşkarlama və maarifləndirməyə xidmət edir. Bununla yanaşı, eyni məqsədlə respublikada mobil Könüllü müayinə və məsləhətləşmə məntəqələri şəbəkəsi də fəaliyyət göstərir. Ümumilikdə 12 mini avtobus bazasında yaradılaraq, müxtəlif marşrutlarda ixtisaslı Könüllü müayinə və məsləhətləşmə məntəqələri xidməti göstərilir. Mobil şəbəkənin əsas təyinatı, cəmiyyət üçün qapalı olan və yoluxmaya yüksək risk təşkil edən əhali qrup nümayəndələri arasında müayinə və məsləhətləşmənin aparılması məqsədini daşıyır”.
S.Əliyev qeyd edib ki, virusa yoluxmanın qarşısını almaq üçün ilk növbədə, yoluxma yolları barədə məlumatlı olmaq lazımdır. İnsanlara təsadüfi, qorunmamış cinsi əlaqələrdən çəkinmək, zərərli vərdişlərdən uzaq olmaq tövsiyə olunur. Bununla yanaşı, xüsusilə ana bətnində yoluxmanın qarşısını almaq məqsədilə hamilə qadınların İİV-ə müayinəsi, İİV-ə yoluxan hamilələrin müalicəyə sadiqliyi tövsiyə olunur. Həmçinin İİV-ə yoluxmanın qarşısının alınmasında təmasdan öncəki və sonrakı profilaktikanın böyük əhəmiyyəti var.