Naxçıvanda “Media Ordubadda” layihəsinə başlanılıb
Dövlətimizin başçısının “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması haqqında” Sərəncamına uyğun olaraq Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin və Ordubad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Media Ordubadda” layihəsinə start verilib.
Layihə Ordubadın abidələrini, tarixini, mədəniyyətini, adət-ənənələrini təbliğ etmək, sosial şəbəkələrdə daha geniş arenaya çatdırmaq məqsədilə reallaşdırılır. Layihəyə uyğun olaraq ilboyu Ordubada jurnalistlərin, blogerlərin səfərləri nəzərdə tutulub.
Qeyd edək ki, ilk səfərdə Azərbaycan və Naxçıvan televiziyaları, “Şərq qapısı” qəzeti, “Baku TV”, “APA”, “Report”, “Nuhçıxan”, “Naxçıvan xəbərləri” media qurumlarının əməkdaşları və sosial media fəalları iştirak ediblər. Layihəyə püşkatma ilə start verilib. Püşkatma Ordubadın meydan və küçələri, tarixi-memarlıq abidələri, adət-ənənələri, mətbəxi, insanları və başqa mövzular üzrə keçirilib. Həmin mövzular üzrə hazırlanan reportajlar, mətnlər və videomateriallar mediada və sosial şəbəkələrdə yayımlanacaq.
Paylaşımlarda #mediaordubadda haştağından da istifadə olunur.