Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi paytaxt və bölgələrdə silahlı şəxslərə qarşı əməliyyatlar keçirib


Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən paytaxt və bölgələrdə üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan və satışını təşkil edən şəxslərə qarşı növbəti əməliyyatlar keçirilib. Tədbirlər zamanı ümumilikdə 19 silahlı şəxs saxlanılıb.
İdarədən AZƏRTAC-a verilən məlumata görə, silahlı şəxslərdən 18 odlu silah, o cümlədən 6 Makarov və Avropa istehsalı olan tapança, 7 Kalaşnikov avtomatı, 1 PM-98 pulemyotu, 4 lüləsi və qundağı kəsilmiş ov tüfəngi, həmçinin müxtəlif çaplı 243 patron aşkar edilib. Silahlı şəxslərdən birindən əlavə olaraq 2 kiloqrama yaxın narkotik vasitə marixuana da aşkar olunub.
Faktlarla bağlı cinayət işləri başlanılıb. Saxlanılan 19 nəfərin hər biri barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.