Rəsədxana əməkdaşı Çexiyada elmi tədqiqat aparır


Elm və Təhsil Nazirliyi Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Ulduz atmosferləri fizikası və maqnetizm şöbəsinin elmi işçisi Aynur Abdulkərimova Çexiyanın Astronomiya İnstitutunun dəvətilə birgə elmi tədqiqat işləri aparmaq üçün Ondrejov Rəsədxanasında elmi ezamiyyətdədir.
İnstitutdan bildirilib ki, səfər müddətində CMFGEN kodu üçün son yeniliklərin tətbiqi, Üçbucaq (M33) qalaktikasında seçilmiş WN3 ardıcıllığına aid Volf-Raye (WR) ulduzları üçün sintetik spektrlərin alınması üçün modelləşdirmə, alınmış model hesablamalarından bu ulduzların fiziki parametrlərinin təyini nəzərdə tutulub.
Səfər zamanı metallikliyin Volf-Raye ulduzlarının yaranmasında onların parametrlərinə təsirinin araşdırılması, ulduz spektrlərinin daha yeni üsullarla emalı, dissertasiya mövzusu üzərində işləmək, proqram təminatında yenilənmələr və digər məsələlərə baxılması planlaşdırılır.
Qeyd edək ki, bu, Aynur Abdulkərimovanın ikinci belə elmi səfəridir. Birinci səfərdə J010904.83+329355.6 obyekti birgə araşdırılıb və alınmış nəticələr “Kral Astronomiya Cəmiyyətinin aylıq bildirişləri” (Monthly Notices of the Royal Astronomical Society) jurnalında çap olunub.