“Məna kəsb etmir?!” adlı sərgi layihəsi təqdim edilib
Fevralın 29-da “YARAT” Müasir İncəsənət Məkanı ARTIM layihə məkanında YARAT rezidentlərinin “Məna kəsb etmir?!” adlı yeni sərgi layihəsini təqdim edib.
AZƏRTAC xəbər verir ki, sərgidə multidisiplinar rəssamlar Fidan Nazimqızı və Ağaməli Əliyevin əsərləri nümayiş olunub.
Bu gün YARAT rezidentlərin final sərgisi olduğunu deyən YARAT Müasir İncəsənət Məkanının kuratoru Fərəh Ələkbərli fikirlərinə belə davam edib: "YARAT-ın rezidentura proqramı illərdir davam edir və həm yerli, həm də xarici rezidentləri əhatə edir. Budəfəki hədəf bizim yerli rezidentlər oldu. Postpandemiya dövründə ilk rezidentlərdir. Rezident olaraq YARAT Müasir İncəsənət Məktəbinin finalçılarını seçdik. Onlar özlərini həm rəssam, həm də kurator kimi sınadılar. Altı ay ərzində ustad dərsləri, mühazirələr, mentorluq kursları keçdilər, tanınmış rəssamlar, kuratorlarla görüşlər oldu. Onlar altı ayın nəticəsini sərgi kimi nümayiş etdirirlər. Sərgi aprelin 7-dək davam edəcək və giriş ödənişsizdir".
Layihənin kuratoru Aynur Abutalıbova rezidentura proqramında 6 ay boyunca sənətçilərlə görüşüb onların ideyalarını müzakirə etdiklərini diqqətə çatdırıb. O, iki ideyanı birləşdirərək belə bir konsepsiya ortaya çıxardıqlarını bildirib: "Konsepsiya daha çox sosial konstruksiyaların cəmiyyətdə bizə fərd olaraq yanaşmadığını, əksinə biçdiyi obrazları yüklədiyini, bizi qəlibə saldığını göstərir. Biz həmin absurdluqlarla yüklənərək ətrafımızda olan və azadlıq, xoşbəxtlik verən nəsnələri görə bilmirik. Hər iki sənətçi mövzuya fərqli istiqamətlərdə yanaşıb. Biri sarkastik, digəri isə poetik formada toxunub. Biz sərgidə izləyicilərə həll yolu vermir, onların özünün seçim etməsini istəyirik. Konsepsiyanı irəli sürəndə gördük ki, cəmiyyətimizdə absurdluqlar kifayət qədərdir. Əslində, bunların heç biri məna kəsb etmir. Ona görə də sərginin adını "Məna kəsb etmir?!" seçməyi qərar verdik".
Qrafik dizayner kimi çalışan Ağaməli Əliyev incəsənətdə konseptual rəssam olaraq fəaliyyət göstərdiyini və əksər işlərinin satirik janrda olduğunu bildirib. O, nümayişə çıxardığı əsərlərlə bağlı jurnalistlərlə fikrini bölüşüb: "Biz sərgiyə gələnlərin qarşısında öz işimizlə sual qoyuruq: Məna kəsb etmir?! Nümayiş etdirdiyimiz əsərlər özündə absurdluq ifadə edir. Ümumiyyətlə, böyüdüyümüz cəmiyyətdə insanlara absurd dərəcədə rollar verilir. Absurd olan heç nəyi ciddi almayaraq onlara satirik yanaşmamı ortaya qoyuram. Buradakı günəbaxan tumu qalıqlarından hazırladığım instalyasiyada kişilərə qoyulan sosial statusa diqqət çəkməyə çalışmış, cəmiyyətdə onların üzərinə qoyulan yüklərdən bəhs etmişəm - "hansı ki, kişi yalnız işləməlidir, bütün məsuliyyət onların üzərində olmalıdır və daha ağır işləri çiyninə götürməlidir".
Fotoqraf Fidan Nazimqızı sərgidə nümayiş etdirdiyi əsərlərdə bir çox foto instalyasiyadan və videoartdan istifadə olunduğunu deyib: "Videolar hər biri səhnələşdirilmədən təbii olaraq çəkilib. Ağ-qara neqativ lentlərindən istifadə olunaraq video şəklinə gətirilib. İllər boyu müşahidə etdiyim prosesləri qeydə almış və videoart formasına gətirmişəm".