MDB-də müalicə və profilaktika sahəsində baza təşkilatı yaradılacaq


Müstəqil Dövlətlər Birliyində (MDB) müalicə və profilaktik təbabət sahəsində yeni baza təşkilatı yaradılacaq. Bu təşkilatın Əsasnamə layihəsi MDB-nin mənzil-qərargahında ekspert qrupunun iclasında müzakirə olunub.
AZƏRTAC MDB-nin İcraiyyə Komitəsinin mətbuat xidmətinə istinadla bu barədə xəbər verir.
Ekspertlər Əsasnamə layihəsinə daxil olan qeydləri müzakirə edib, tamamlayıb və sənədi razılaşdırıblar. MDB-nin iştirakçı dövlətlərinin müalicə və profilaktik təbabət sahəsində baza təşkilatı haqqında Əsasnamə layihəsinin MDB İqtisadi Şurasına baxılması üçün təqdim edilməsi qərara alınıb.
Qeyd edək ki, Birlik platformasında profilaktik təbabət məsələlərinə böyük diqqət ayrılır. Bu, qeyri-yoluxucu xəstəliklərin artan yükü ilə bağlıdır. Bu xəstəliklər nəticəsində hər il 41 milyon insan (dünyada bütün ölüm hallarının 71 faizi), o cümlədən 17 milyonu vaxtından əvvəl həyatdan köçür.
Qeyri-yoluxucu xəstəliklərə tutulma və ölüm halları onu deməyə əsas verir ki, MDB ölkələrinin əhalisinin sağlamlıq vəziyyətinin yaxşılaşdırılması üçün elmi əsaslandırılmış tövsiyələrin məqsədyönlü şəkildə işlənib hazırlanması və daha effektli profilaktika və öz vaxtında müasir diaqnostika üzrə tədbirlərin keçirilməsi lazımdır. Bu məqsədlə Birlik platformasında 2024-2025-ci illər üçün əhalinin sağlamlıq strategiyasının icrası üzrə Plan təsdiqlənib.
MDB-nin iştirakçı dövlətlərinin müalicə və profilaktik təbabət sahəsində əhaliyə tibbi yardımın göstərilməsi, qeyri-yoluxucu xəstəliklərin birinci və ikinci profilaktikasının işlənib hazırlanması və icrası məsələləri üzrə fəaliyyətinin elmi-praktik əməkdaşlığının, təşkilati-metodiki dəstəyinin inkişafı üçün müvafiq baza təşkilatını təsis etmək təklif olunub.