Həmin şəxs barədə dəfələrlə idarəyə müraciət edilib
"Bu adam onlarla desəm, az olar, bəlkə də, yüzlərlə insana qarşı dələduzluq edib". Emil Əmiraslanov sosial şəbəkə istifadəçilərini diqqətli olmağa çağırıb. O, qardaşının başına gələnləri başqalarının yaşamasını istəmir. Belə ki, Emil Əmiraslanovun ailə üzvü dələduzluğun qurbanı olub. Onun qardaşı Əli Əmiraslanov "İnstaqram" səhifəsini satın almaq üçün özünü Ramin İsmayılov kimi təqdim edən şəxslə elektron poçt vasitəsilə əlaqə saxlayıb: "Qardaşıma deyib ki, pulu İsmayılov Ramin Musa oğlunun adına göndər, mən Bərdədə götürəcəyəm. Bundan sonra Əliyə e-mail ünvanını və şifrəni verəcəyini bildirib".
Ə.Əmiraslanov Ramin adlı şəxsin dediyi kimi edib. Lakin həmin şəxs vədinə əməl etməyib. Pul göndərildikdən sonra o, Əli Əmiraslanovun mobil nömrəsini bloklayıb. Başqa bir nömrə ilə əlaqə saxlanılsa da, Əmiraslanov R.İsmayılov tərəfindən təhqir edilib.
Bərdədə yaşadığını dediyi üçün zərərçəkmiş rayonun Baş Polis İdarəsinə zəng vurub və şikayətini bildirib. İdarədən məsələdən xəbərdar olduqlarını bildiriblər. Həmin şəxs barədə dəfələrlə idarəyə müraciət edildiyi söylənilib. //Bizimyol.info