Beynəlxalq arenada Azərbaycana artan marağın və etimadın göstəricisi - ŞƏRH


Builki Münxen Təhlükəsizlik Konfransı ölkəmiz üçün çox məhsuldar keçdi. Prezident İlham Əliyevin Münxendə çoxsaylı nümayəndə heyətləri ilə görüşləri, Kansler Olaf Şoltsun dəvəti ilə Ermənistanın baş naziri ilə görüş və ardınca Almaniya XİN-in dəvəti ilə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Berlin görüşü son seçkilərdən sonra ölkəmizə artan marağın və etimadın göstəricisi sayıla bilər. Konfransdan demək olar ki, dərhal sonra Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri də bunu bir daha sübut edir.
Bunu açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev söyləyib.
O deyib ki, Mixael Harmsın Prezident İlham Əliyevlə Münhendə keçirdiyi görüş fevralın 28-də Bakıda davam etdirildi. Görüşdə Almaniya – Azərbaycan iqtisadi-siyası əlaqələri ilə yanaşı, Azərbaycan – Avropa əlaqələrinə də münasibət bildirildi. Ölkə Prezidenti Azərbaycan – Almaniya münasibətlərində qarşılıqlı iqtisadi maraqların həmişə üstünlük təşkil etdiyini və Fransadan fərqli olaraq Almaniyanın bölgəmizdəki siyasi proseslərə təmkinli və balanslı yanaşdığını qeyd edib. Dövlətimizin başçısı son 30 il ərzində bölgəmizdə baş verən hadisələr, torpaqlarımızın işğalı, uzun illər ərzində işğal faktına Avropa İttifaqının biganə və qərəzli münasibəti haqqında nümayəndə heyətinə məlumat verib. Avropa İttifaqının bəzi məmurlarının, o cümlədən Cozef Borrelin və Fransa prezidenti Emmanuel Makronun ölkəmizə qarşı qərəzli münasibəti, Azərbaycan –Ermənistan münasibətlərinin tənzimlənməsinə mane olmaq cəhdləri haqqında danışan Prezident İlham Əliyev Avropa İnstitutlarının Cənubi Qafqaz bölgəsinin dövlətlərinə ikili standartlar əsasında yanaşmasını tənqid edib. Dövlətimizin başçısı Avropa Şurası Parlament Assambleyasında ölkəmizə qarşı qərəzli münasibətin formalaşdırılmasında bəzi alman deputatların da iştirak etdiyini vurğulayıb və qeyd edib ki, AŞPA-da ölkəmizə qarşı münasibət dəyişmədiyi halda Azərbaycan bu təşkilatdan çıxmaq haqqında məsələni müzakirəyə gətirə bilər.
"Şərq Komitəsinin sədri ilə görüşdə Prezident İlham Əliyev tərəfindən səsləndirilmiş fikirlər Almaniya – Azərbaycan münasibətləri çərçivəsindən daha geniş mövzuları əhatə etməklə əslində Avropa İttifaqının bəzi inistutlarından ölkəmizə qarşı yönələn təzyiqlərə cavabı özündə əks etdirdi. Dövlətimizin baaşçısının çıxışında Avropa –Azərbaycan münasibətlərində mübahisəli məsələlərlə bağlı dövlətimizin mövqeyi haqqında açıq və aydın mesajlar verildi. Prezident İlham Əliyevin mesajlarından çıxan və çıxarılmalı olan nəticə isə ondan ibarətdir ki, qarşılıqlı münasibətlərin faydalı və işgüzar məcraya yönləndirilməsi üçün Avropa İttifaqının müxtəlif qurumları tərəfindən Azərbaycana qarşı əsassız iddialara və təzyiq cəhdlərinə son qoyulmalıdır", - deyə deputat vurğulayıb.