İtaliyanın Baş naziri: İnsan alverçilərinə qarşı qlobal ittifaqın yaradılması vacibdir


İtaliya ABŞ-ın Yaxın Şərqdə vəziyyətin normallaşması istiqamətində vasitəçilik səylərini dəstəkləyir.
AZƏRTAC xəbər verir ki, bunu İtaliyanın Baş naziri Ciorcia Meloni Ağ Evdə ABŞ Prezidenti Co Baydenlə görüşdə deyib.
Baş nazir bildirib ki, humanitar böhranın həlli ölkəsinin bir nömrəli prioritetidir, İtaliya öz töhfəsini buna yönəldib. “Həmçinin gərginliyin qarşısını almaq üçün hərəkətləri əlaqələndirməliyik. Biz azadlığı müdafiə edən qaydalara əsaslanan beynəlxalq nizamı bir daha təsdiqləmək niyyətindəyik.
Biz konkret və əsaslı G7 üçün çalışırıq. “Böyük Yeddilik” Afrika qitəsinə də xüsusi diqqət yetirəcək. Çünki Afrika yoxsul qitə deyil, əksinə, mühüm insan və təbii ehtiyatlara malikdir, lakin yırtıcı bir yanaşma ilə istismar edilib”, - deyə Ciorcia Meloni vurğulayıb.
İtaliyanın Baş naziri, həmçinin insan alverçilərinə qarşı qlobal ittifaqın yaradılmasının vacibliyini də qeyd edib.
Co Bayden isə Baş nazirə İtaliyanın Ukraynaya göstərdiyi sarsılmaz dəstəyə görə təşəkkürünü bildirib.
Xatırladaq ki, İtaliya G7-yə sədrliyi çərçivəsində iyun ayında Apuliya bölgəsində “Böyük Yeddilik” liderlərinin sammitinə ev sahibliyi edəcək.