Moldova ilə potensial əməkdaşlıq məsələləri müzakirə olunub
İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Moldovanın energetika naziri Viktor Parlikovla görüşüb. Görüşdə Azərbaycan və Moldova arasında əlaqələrin inkişaf etdiyi, iqtisadi gündəliyin genişləndiyi vurğulanıb.
Nazirlikdən bildirilib ki, iki ölkə arasında iqtisadi sahədə əməkdaşlıq məsələləri, o cümlədən enerji, nəqliyyat-logistika və kənd təsərrüfatı istiqamətlərində mövcud potensial müzakirə olunub. Qeyd olunub ki, Azərbaycan ilə Moldova arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiya əməkdaşlığımızın gücləndirilməsində və biznes dairələrinin səylərinin əlaqələndirilməsində səmərəli platformadır.
Bildirilib ki, Azərbaycanda yaşıl enerjinin inkişafı əsas prioritetlərdəndir. Ölkəmizdə keçiriləcək COP29 tərəfdaş ölkələrlə iqlim dəyişikliyi gündəliyi, enerji səmərəliliyi istiqamətində müzakirələrin aparılması üçün mühüm imkanlar yaradacaq. Bu baxımdan Moldova ilə də bərpaolunan enerji sahəsində qarşılıqlı faydalı əməkdaşlıq üçün perspektivlər var.