Prezidentin “Euronews”a müsahibəsi beynəlxalq aləmdə böyük maraq doğurub - RƏY

Azərbaycanın sürətli inkişafı, iri layihələrin reallaşdırılmasındakı zəngin təcrübəsi, Ermənistan üzərindəki tarixi Qələbəsi və Qarabağdakı lokal xarakterli antiterror tədbirlərindən sonra ərazi bütövlüyünün tam bərpa olunması onu dünyanın sayılıb-seçilən dövlətləri sırasına daxil etməkdədir. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında vacib ölkələrdən birinə çevrilib. Məhz buna görə enerji məsələləri ilə bağlı mühüm əhəmiyyətli beynəlxalq tədbirlərin Bakıda keçirilməsi artıq ənənə halını alıb. Bu günlərdə Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında ümumilikdə 23 ölkədən, 6 beynəlxalq təşkilatdan, 44 şirkətdən yüksək səviyyəli nümayəndələrin iştirakı onların əhəmiyyətini bir daha nümayiş etdirdi.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə səsləndirib.
Hüquq müdafiəçisi deyib ki, tədbir zamanı Prezident İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibədə toxunduğu məsələlər beynəlxalq ictimaiyyətdə böyük maraq doğurub. Hər şeydən əvvəl onu qeyd edək ki, dövlətimizin başçısının səsləndirdiyi “Azərbaycan neft və qaz ehtiyatları olan bir çox ölkənin üzləşdiyi “neft lənətinə” düçar olmamağı bacardı” fikri ölkəmizdə bu sahədən səmərəli istifadə olunduğuna dir mesaj idi. Çünki Azərbaycan nefti inkişafa çevirdi və bu təbii sərvətin ədalətli paylanmasını təmin etməyə nail oldu. Bunu faktlar da təsdiqləyir. Son 20 ildə Azərbaycanda yoxsulluğun səviyyəsi 50 faizdən 5 faizə enib. Son illər ölkəmizdə tamamilə yeni, müasir tələblər səviyyəsində qurulmuş infrastruktur, əhalinin rifahının getdikcə daha da yaxşılaşdırılması məhz neft və qazdan əldə edilən gəlirlər hesabına mümkün olub. Neft və qaza malik ölkələr günahlandırılmamalıdır, qazıntı yanacağına sahib olmaq onların günahı deyil.

Ç.Qənizadə Prezident İlham Əliyevin müsahibəsindəki digər bir məqama da toxunub. O deyib: “Dövlətimizin başçısı Cənub Qaz Dəhlizi layihəsi ilə əlaqədar çoxlu müxtəlif ideyaların olduğunu diqqətə çatdıraraq bildirdi ki, bu barədə nikbin və bədbin düşünənlər var idi. Bəzilərinə isə elə gəlirdi ki, Azərbaycan bu layihəni reallaşdıra bilməyəcək. Ancaq unudurdular ki, ölkəmiz artıq iri infrastruktur layihələrinin reallaşdırılmasında zəngin təcrübəyə malikdir. Hətta bu gün bir sıra iri layihələrin həyata keçirilməsi Azərbaycanla razılaşdırılır. Təbii ki, belə bir əhəmiyyətli layihəni reallaşdırmaq üçün geniş beynəlxalq əməkdaşlığa ehtiyac var idi. Ona görə də öz maliyyə imkanları ilə bizə dəstək göstərmələri üçün aparıcı beynəlxalq maliyyə institutlarını dəvət edərək, ölkələr və şirkətlər arasında bu əməkdaşlığı qurmağa başladıq. Nəticə göz qabağındadır. Uzunluğu 3500 kilometr olan kəmər artıq arzu deyil, reallıqdır. Layihə getdikcə daha çox ölkələri əhatə edir. Çünki Azərbaycanın təbii qazının yeni təyinat nöqtələrinə nəql etməyə imkan verən yeni interkonnektorları var”.
Komitə sədri dövlətimizin başçısının müsahibədə COP29-dan da danışdığını xatırladıb. Bildirib ki, Prezident İlham Əliyev jurnalistin bu məsələ ilə bağlı sualına cavabında COP29-un bizim ümumi yaşıl enerji gündəliyimizin və məsuliyyət hissimizin bir hissəsini təşkil etdiyini vurğuladı. Diqqətə çatdırdı ki, çünki qazıntı yanacağı ilə zəngin ölkələr yaşıl enerjiyə keçiddə ön sıralarda olmalıdır. Biz bunu ənənəvi ehtiyatlarımız çatışmadığına görə etmirik, ona görə edirik ki, neft-qaz satışından əldə etdiyimiz maliyyədən, gəlirlərdən bərpaolunan enerjiyə sərmayə yatırmaq üçün istifadə etməklə töhfə verək. Həm də buna ehtiyacın olduğuna dair ümumi bir anlayış yaratmaq istəyirik. Azərbaycan Prezidenti burada təhdid yaradan amillərin olduğunu da qeyd edib. Diqqətə çatdırıb ki, biz iqlim dəyişikliyinin təhlükəli fəsadlarını görürük, çaylarımızda su azalır, dağlarımızda qar azalır, Xəzər dənizində suyun səviyyəsi azalır. Əgər biz enerji və əzmlə bu məsələ ilə məşğul olmasaq, hamımız əziyyət çəkəcəyik. Azərbaycanın bərpaolunan enerji layihələri gündəliyi çox iddialıdır.