Azərbaycanın COP29-a ev sahibliyi etməsi yaşıl enerji amilinə verilən önəmin ifadəsidir ŞƏRH
Hazırda Avropa ölkələri enerji təchizatı üçün yeni layihələr üzərində düşünürlər. Bu məsələdə əsas tərəfdaşlardan biri də məhz Azərbaycandır. Martın 1-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları əməkdaşlıq imkanlarının müzakirəsi baxımından önəmli platformadır. Prezident İlham Əliyevin iştirakı ilə keçirilən tədbirdə Avropanın enerji təhlükəsizliyi ilə bağlı yaranan çağırışlara, həmçinin enerji transformasiyasına aid aktual müzakirələr aparılıb.
Bu fikirləri açıqlamasında Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Fatma Yıldırım deyib.
Fatma Yıldırım qeyd edib ki, ötən il təşkil olunan 9-cu iclasda 2015-ci ildən etibarən hər il ənənəvi olaraq Bakıda təşkil edilən tədbirin formatı genişləndirilib və ona Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclası da əlavə olunub. Prezident İlham Əliyevin enerji siyasəti Azərbaycanın dünyadakı önəmini artıraraq, onu dünyanın enerji təhlükəsizliyində əhəmiyyətli oyunçuya çevirib. Burada Cənub Qaz Dəhlizi layihəsi mühüm rol oynayır. Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları zamanı “Euronews” televiziyasına müsahibəsində dediyi kimi, bəzi dairələr bu layihəni reallaşdıra bilməyəcəyimizi düşünürdülər: “Lakin biz əzmli idik və bilirdik ki, bunu etmək mümkündür. Ancaq bizim geniş beynəlxalq əməkdaşlığa ehtiyacımız var idi. Ona görə də bizə öz maliyyə imkanları ilə dəstək göstərmələri üçün aparıcı beynəlxalq maliyyə institutlarını dəvət edərək ölkələr arasında, şirkətlər arasında bu əməkdaşlığı qurmağa başladıq. Uzunluğu 3500 kilometr olan kəmər artıq arzu deyil, reallıqdır və o, getdikcə daha çox ölkələri əhatə edir”. Təbii qazı yeni təyinat nöqtələrinə nəql etməyə imkan verən yeni interkonnektorlar var. Bu, həqiqətən də enerji təchizatının, enerji təhlükəsizliyi ilə bağlı məsələlərin coğrafiyasını tamamilə dəyişir.
F.Yıldırım bildirib ki, Şərq-Qərb nəqliyyat dəhlizi üzərində yerləşən Azərbaycan öz coğrafi mövqeyinin verdiyi üstünlüklərdən faydalanaraq əməkdaşlıq edəcək ölkələrin hər biri üçün məqbul olacaq təkliflər verir. Həmçinin regionun və özünün karbohidrogen məhsullarının Avropa bazarına çıxarılması imkanlarını genişləndirir. Bununla belə, ölkəmizin alternativ enerji potensialı da yüksək dəyərləndirilir.
“Dövlətimizin başçısının müsahibədə qeyd etdiyi kimi, bu, bizim ümumi yaşıl enerji gündəliyimizin və məsuliyyət hissimizin bir hissəsini təşkil edir. Çünki qazıntı yanacağı ilə zəngin ölkələr yaşıl enerjiyə keçiddə ön sıralarda olmalıdır. Azərbaycanın bərpaolunan enerji layihələrinin gündəliyi çox iddialıdır. Biz artıq bu mühüm yolu qət etməyə başlamışıq”, - deyə deputat vurğulayıb.
Onun sözlərinə görə, ölkəmizin bu il COP29-a ev sahibliyi etməsi yaşıl enerji amilinə verilən önəmin ifadəsidir. Azərbaycan beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə daim öz töhfələrini verir.