İctimai Şura üzvlərinin Böyük Qayıdış prosesində aktivliyi artırılacaq
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın növbəti iclası keçirilib. Komitənin Mətbuat xidmətindən bildirilib ki, iclasda “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində komitənin əsas icraçısı olduğu tədbirlərə ictimai dəstəyin təşkili və bununla əlaqədar şuranın fəaliyyət imkanları barədə müzakirə aparılıb.
Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərdə gedən bərpa quruculuq işlərini və Böyük Qayıdışla bağlı məsələləri şəxsən nəzarətdə saxlamasının, Birinci vitse-prezident Mehriban Əliyeva ilə birlikdə həmin ərazilərə müntəzəm səfərlər etməsinin, doğma yurda geri dönən əhali ilə görüşlər keçirməsinin məcburi köçkünlərdə böyük məmnunluq doğurduğu, onların mütləq əksəriyyətinin qayıdışa hazır olduğu bildirilib.
Müvəqqəti məskunlaşma yerlərində İctimai Şuranın üzvlərinin keçirdiyi görüşlərdə məcburi köçkünlərin qayıdış prosesinə dair bir sıra məsələlərlə maraqlandıqları vurğulanıb. Şuranın sədri, “Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyinin rəhbəri Anar Xəlilov onların məlumatlandırılmasına, maarifləndirilməsinə, qarşılaşdıqları problemlərin həllinə ictimai dəstəyin təmin edilməsi üçün zəruri iş aparıldığını, müraciətlərinin Dövlət Komitəsinin müvafiq strukturları ilə birgə araşdırıldığını və qanunvericiliyə uyğun tədbirlər görüldüyünü diqqətə çatdırıb.
Dövlət Komitəsinin sədri Rövşən Rzayev Qarabağda və Şərqi Zəngəzurda yenidən salınan və bərpası aparılan yaşayış məntəqələrinə sakinlərin köçürülməsi vəziyyəti, onların məşğulluğu məsələlərinin həlli, ümumən, məcburi köçkünlərin sosial müdafiəsinin təşkili barədə ətraflı məlumat verib. İctimai Şura üzvlərinin Böyük Qayıdış prosesində aktiv fəaliyyətinin komitə tərəfindən aparılan işə müsbət təsiri olacağı qeyd edilib. Bununla əlaqədar komitənin bütün fəaliyyət istiqamətləri üzrə qərarların qəbul edilməsi prosedurlarında vətəndaş cəmiyyəti nümayəndələrinin fəal iştirakı üçün zəruri şəraitin yaradıldığı diqqətə çatdırılıb.
İclasda müzakirə edilən məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılıb, əməli fəaliyyət üçün təkliflər, tövsiyələr verilib və müvafiq qərarlar qəbul edilib.