Cəbrayılda günəş elektrik stansiyası 2025-ci ilədək tikiləcək
Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl rayonunda “Şəfəq” layihəsi çərçivəsində fotovoltaik (PV) günəş elektrik stansiyasının tikinti işlərinə bu ilin ikinci yarısında başlanacaq.
Modern.az-ın məlumatına görə, bunu "Lightsource BP" şirkətinin ətraf mühit və sosial məsələlər üzrə baş planlama mütəxəssisi Aaron Şeyn “Şəfəq” layihəsinin iş proqramı çərçivəsində layihə üçün Ətraf Mühitə və Sosial Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədinin ilkin variantını müzakirə etmək üçün ictimaiyyətlə keçirilən görüş zamanı bildirib.
A.Şeynin sözlərinə görə, layihə çərçivəsində tikinti işlərinin təxminən 18 ayadək davam edəcəyi gözlənilir.
Bildirilib ki, sənədin mart ayında Ekologiya Nazirliyinə təqdim olunması, aprel ayında isə təstiq olunması gözlənilir.
Qeyd edək ki, “Şəfəq” layihəsi BP tərəfindən icra edilir. Stansiyanın tikintisinə hazırlıq "Lightsource BP" şırkəti tərəfindən aparılıb.
ƏMSSTQ “Şəfəq” layihəsi üzrə aparılacaq fəaliyyətlərin ətraf mühitə və sosial-iqtisadi sahəyə potensial təsirləri nəzərdən keçirilir və tövsiyə edilən təsirazaltma tədbirləri təsvir edilir. ƏMSSTQ prosesinin məqsədi nəzərdə tutulan işlərin ətraf mühitə və sosial-iqtisadi sahəyə hər hansı mənfi təsirlərinin müəyyənləşdirilməsini və minimuma endirilməsini, mümkün olduqda isə aradan qaldırılmasını təmin etməkdir.
Qeyd edək ki, PV günəş elektrik stansiyası təxminən 802 hektarlıq ərazini əhatə edəcək və 240 meqavat dəyişən cərəyan (MVtAC) gücünə malik olacaq. Layihəyə 240 MVtAC gücündəki PV günəş elektrik stansiyasının layihələndirməsi, təchizatı, mühəndislik, tikinti, quraşdırma, sınaq, istismara buraxma işləri və istismar mərhələsi daxildir.