"Molokan" bağının ətrafı piyadalaşdı: Memar narazı, blogerlər razıdır...
Xəbər verdiyimiz kimi, paytaxtın Səbail rayonu ərazisində yerləşən Xaqani (keçmiş Molokan) bağının ətrafı avtomobillər üçün qapadılıb və tamamilə piyadaların ixtiyarına verilib. Gözlənildiyi kimi, bu addım sürücülərin narazılığına, piyadaların isə sevincinə səbəb olub.
Modern.az-ın məlumatına görə, məsələ sosial şəbəkələrdə də geniş müzakirələr yaradıb.
Memar Elçin Əliyev mövzu ilə bağlı feysbuk səhifəsində yazıb: "Dünən (martın 4-ü - red.) paytaxt sakinləri gözlənilməz faktla üzləşib: Xaqani parkının (keçmiş “Molokan” bağı) ətrafında avtomobillərin hərəkəti məhdudlaşdırılıb. İlk baxışdan bu, əla ideya idi və əvvəlcə orada baş verən son gündəlik xaosu yaxşı təsəvvür edərək hətta sevindim. Kədərli bir ənənəyə çevrilib ki, hər axşam parkın ətrafında, polisin gözü qarşısında üzü qırxılmamış “lotular” mühüm baxışla, ucadan gurultulu musiqi sədaları ilə maşın sürürlər, piyadaların hərəkətinə ikinci və üçüncü cərgədəki avtomobillər daim mane olur, yük maşınları yükləri birbaşa səkilərə boşaldır və s... Bütün bu mədəniyyətsiz və qanunsuz faktlar şəhər əhalisinin böyük narazılığına səbəb olub".
Bununla belə, memar qərardan narazı olan tərəfdə yer alıb: "Ona görə də, görünür, qanunla müəyyən edilmiş əsas qayda və prosedurlara əməl olunmasına nəzarətlə bağlı mövcud problemləri nizama salıb həll edə bilməyən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) məsul şəxsləri nəqliyyatın hərəkətini ümumilikdə qadağan etməklə, kəskin yanaşmaq qərarına gəliblər. Axı qadağalar işini düzgün qura bilməyənlər üçün ən asan yoldur. İndi yalnız "seçilmişlər" orada dayanacaqlar - yeni qaydaların ilk günündən bu baş verdi. Təbii ki, hərəkəti qadağan edən güldanların arasında bir "boşluq" buraxdılar - onsuz biz işi edə bilmərik.
Ancaq arzu olsaydı, asayişi bərpa etmək və hər hansı bir avtomobilçinin şəhərin mərkəzində sərbəst park etmək təbii istəyini təmin etmək imkanı var idi - xüsusən də axır aylar parkinqin tənzimlənməsindən sonra bağın ətrafındakı vəziyyət yaxşılaşdı, nəzərəçarpacaq dərəcədə az avtomobil var idi. Məsələn, dayanacaqların qiymətini artırmaqla avtomobillərin burada özləri sürməməsini təmin etmək mümkün idi. Özünüzü və lüks avtomobilinizi göstərmək istəyirsinizsə, Allah xatirinə, məsələn, bir saata 5 manat ödəyin və buyurun. Düzgün (mədəniyyətli) park edilmiş avtomobil heç vaxt piyadalara mane olmur".
Bundan sonra feysbukda şəhərsalma, memarlıq və ictimai nəqliyyat mövzuları ilə bağlı paylaşımlar edən "İnsan yönümlü şəhərlər" səhifəsi memarla razılaşmayaraq ona belə cavab verib: "Memar Elçin Əliyevin bu cür paylaşımı çox qəribə gəldi. Birincisi, bütün müasir şəhərlər məhz insan yönümlü, daha çox piyadalar üçün şəraitin yaradılmasına dair addımlayır. Avropada mərkəzi tarixi küçələr isə ümumiyyətlə avtomobillər üçün bağlanır. Elçin bəy yazır ki, "rahat parkinq üçün şərait saxlamaq olardı", buna da urbanistika cavab verir: parkinq heç vaxt rahat olmayacaq. Parkinq yerlərinin yaradılması bu əraziyə sadəcə avtomobil ilə gəlmək stimul yaradır. Üstəgəl əlavə təhlükə, maneələr, dəm qazı və s. Zatən, burada çoxmərtəbəli parkinq var və ora giriş onsuz da açıq qalır".
Qeyd edək ki, müasir yanaşma olan insan mərkəzli şəhərsalma konsepsiyasında şəhər ərazisinin avtomobilyönümlü yox, insana fokuslanan, piyadaları əsas alan formada qurulması, fərdi minik maşınları əvəzinə ictimai nəqliyyatı stimullaşdıran formada qurulmasını nəzərdə tutur.
Məsələn, ictimai nəqliyyat növlərindən olan metro şəbəkəsinin genişləndirilməsi, avtobuslar üçün ayrıca zolaqların salınması və qrafik üzrə intervalın minimuma endirilməsi, komfortlu avtobus modellərinə üstünlük verilməsi, dayanacaqlarda hərəkət cədvəlini və avtobusun nə vaxt gələcəyini əks etdirən məlumat tablolarının quraşdırılması, tramvay, trolleybus, metrobus kimi əlavə nəqliyyat növlərinin istifadəyə verilməsi ilə ictimai nəqliyyatın şaxələndirilməsi, müxtəlif ictimai nəqliyyat növləri arasında koordinasiyanın qurulması ilə inteqrasiya olunmuş, keyfiyyətli ictimai nəqliyyat sisteminin yaradılması, velosiped yollarının ayrılması və s. metodlarla son nəticədə insanların fərdi avtomobillər əvəzinə ictimai nəqliyyata yönəlməsinə və tıxac probleminin həllinə, ekoloji vəziyyətin yaxşılaşmasına, səs kirliliyi, stres və psixoloji yan təsirlərin aradan qalxmasına - əhalinin həyat keyfiyyətinin artmasına nail olmaq bu konsepsiyanın məqsədləri arasındadır.
Səkilərin genişləndirilməsi, rahat gəzinti, idman, əyləncə, asudə vaxtın səmərəli təşkili üçün böyük ictimai məkanların, parkların, bağların və insanların piyada hərəkət edə biləcəyi, yürüyüşə çıxa biləcəyi ərazilərin qurulması da insan mərkəzli şəhərsalma konsepsiyasının əsasını təşkil edir.