“Şəfəq” GES üzrə işlərə ilin ikinci yarısında başlanılacaq
Cəbrayılda tikiləcək 240 meqavat gücündə “Şəfəq” Günəş Elektrik Stansiyası üzrə işlərə bu ilin ikinci yarısında başlanılacaq və layihə üzrə işlərin təxminən 18 ayadək davam edəcəyi gözlənilir.
AZƏRTAC xəbər verir ki, bu barədə BP-nin Ətraf mühit və sosial məsələlər üzrə baş planlama mütəxəssisi Aaron Sheehan “Şəfəq” layihəsinin iş proqramı çərçivəsində ictimaiyyətlə keçirilən görüşdə danışıb.
Onun sözlərinə görə, stansiya Cəbrayıla 5-10 kilometr məsafədə yerləşir.
“Görüləcək əsas işlər sahənin hazırlanması, panellərin quraşdırılması və stansiyanın istismara verilməsindən ibarətdir”, - deyə o bildirib.
Tədbir zamanı bildirilib ki, sənədin cari ilin mart ayında Ekologiya Nazirliyinə təqdim olunması, aprel ayında isə təsdiq olunması gözlənilir.
PV günəş elektrik stansiyası təxminən 802 hektarlıq ərazini əhatə edəcək və 240 meqavat dəyişən cərəyan ( MVtAC ) gücünə malik olacaq. Layihəyə 240 MVtAC gücündəki PV günəş elektrik stansiyasının layihələndirməsi, təchizatı, mühəndislik, tikinti, quraşdırma, sınaq, istismara buraxma işləri və istismar mərhələsi daxildir.
Qeyd edək ki, “Şəfəq” layihəsi BP tərəfindən icra edilir. Stansiyanın tikinti işləri "Lightsource BP" şirkəti tərəfindən hazırlanıb.